26 aprel 2025-ci il tarixində “Future Shapers” proqramının açılış tədbiri baş tutub. Artıq 4-cü dəfə təşkil olunan proqram istedadlı universitet tələbələrini və yeni məzunları aşkar etmək, onların inkişafına töhfə vermək, eləcə də gənclərə bazarda yaranan yeni rollar barədə məlumat vermək məqsədini daşıyır.
“Future Shapers”ın bu ilki əsas müvzuları data və analitika, informasiya texnologiyaları, məhsul mədəniyyəti və innovasiya mövzularıdır ki, tədbir zamanı bu mövzuları əhatə edən bilik sessiyaları da həyata keçirilib. Tədbir zamanı, spiker qismində “PAŞA Holdinq”in və digər qurumların rəhbər şəxsləri öz təcrübələrini paylaşıb, texniki va rəqəmsal bacarıqlar sahəsində baş verən yeniliklər və fürsətlər barədə məlumat veriblər. Bununla yanaşı, tədbirdə “PAŞA Holdinq” və onun törəmə şirkətlərinin nümayəndələri iştirakçılara “PAŞA Qrup”un baxışı, karyera və inkişaf imkanları barədə məlumat verib, bazarda yaranan yeni rollar barədə bəhs ediblər.
Növbəti mərhələ olaraq iştirakçıları qabiliyyət imtahanı, eləcə də müasir dövrdə tələb olunan bacarıqların inkişafı üzrə biznes simulyasiyalar gözləyir. Uğurlu nəticə təqdim edən şəxslər “PAŞA Qrup” şirkətlərinin istedadlar siyahısına da daxil ola biləcəklər.
Qeyd edək ki, proqram “PAŞA Holdinq”in Öyrənmə və İnkişaf mərkəzi olan “PAŞA Hub” tərəfindən təşkil olunur. “PAŞA Hub” yalnız “PAŞA Qrup” şirkətlərinin əməkdaşlarının inkişafına yönəlmiş deyil, eyni zamanda ölkəmizin gənc kadrlarının inkişafına yönəlmiş proqramların təşkilini nəzərdə tutur.