İspaniya Kral Kubokunun “Barselona”ya qarşı final oyunu “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Mbappe “qaymaqlılar”ın 2:3 (əsas vaxt 2:2) hesabı ilə məğlub olduğu oyunda qolla fərqlənib.
Bu, Mbappenin “Real”dakı debüt mövsümündə 51-ci oyunda 34-cü qolu olub. Beləliklə Mbappe “qaymaqlılar”ın heyətində ilk mövsümündə vurduğu qolların sayına görə “Real”ın keçmiş ulduzları – niderlandlı hücumçu Rud van Nistelroy və portuqal hücumçu Kristiano Ronaldonun 33 qoldan ibarət nəticəsini geridə qoyub.
Xatırladaq ki, debüt mövsümündə “Real” üçün ən çox qolu çilili hücumçu İvan Zamorano vurub – 37 qol. Göründüyü kimi, Mbappe müvafiq göstəricidə mütləq rekoridçu olmaq imkanını saxlayır.
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.
Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində 51 oyuna çıxıb, 34 qol vurub, 5 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 88 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 170 milyon avro məbləğində qiymətləndirir.