Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı və İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Simulyasiya Konfransı təşkil olunub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycanın aparıcı universitetləri və xarici ölkləri təmsil edən 60 gənc nümayəndənin qatıldığı beynəlxalq tədbirin açılış mərasimində xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri və COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, İƏGF Avrasiya Regional Mərkəzinin direktoru Rafiq İsmayılov çıxış ediblər.
Natiqlər Azərbaycan COP29 sədrliyinin ilk milli tədbirinin məhz azad edilmiş Xankəndində Qarabağ Universitetinin ev sahibliyi ilə keçirilməsinin rəmzi əhəmiyyətini qeyd edib, gənclərin ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə bağlı aparılan qlobal prosesdə aktiv iştirakının vacibliyindən, eləcə də 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 tədbiri zamanı qəbul edilmiş qərarların həyata keçirilməsi perspektivlərindən, onun qlobal ekoloji prosesə verdiyi töhfələrdən bəhs ediblər.
Daha sonra konfransın açılış mühazirəsi ilə XİN xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov gənclərə sülh və iqlim qovşağı sahəsində ölkəsinin təşəbbüsləri, COP29 zamanı qəbul edilmiş İqlim və Sülh fəaliyyəti üzrə Bakı çağırışı haqqında geniş məlumat verib. Azərbaycan ərazilərinin işğalı dövründə bu ərazilərin ekoloji dağıntı və kütləvi mina çirklənməsinə məruz qaldığını vurğulayan səfir münaqişənin həll olunmasının ümümbəşəri əhəmiyyətli bu unikal təbiət güşəsinin də ekoloji baxımdan qoruma altına alınması üçün yol açdığını bildirib.