Xırdalan, 21 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon Mədəniyyət Mərkəzində “Əsgərə məktub” layihəsi çərçivəsində “Zəfərə aparan yol” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, iştirakçılar öncə Xırdalan şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini anıblar.
Abşeron Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonunun birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Mərkəzin foyesində müstəqillik dövründə çəkilmiş foto materiallar və müxtəlif səpkili kitablardan ibarət sərgilərlə tanışlıq olub.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, “N” saylı hərbi hissənin zabiti Nemət Rəhimov, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova və başqaları Ümummilli Liderin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və suverenliyimiz uğrunda apardığı mübarizədən, məqsədyönlü siyasətindən söhbət açıb, Azərbaycan xalqının əldə etdiyi Zəfərdən danışıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsində xalqımız torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Müzəffər Ali Baş Komandan, Prezidenti İlham Əliyevin iradəsi, ordumuzun qüdrəti və xalqımızın sarsılmaz birliyi qarşısında düşmən məğlub oldu.
Çıxışlardan sonra iştirakçılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərə məktub vasitəsilə ürək sözlərini yazıblar.
Aksiya müddətində Abşeron rayonunda məktəblilər, təşkilatlar və sakinlər tərəfindən toplanan 5000-dək elmi, publisistik, bədii və digər janrlarda olan kitab və yazılan məktublar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə çatdırılacaq.








