EN

Bu gün Xankəndidə ilk dəfə qəbul imtahanı keçirilir

Bu gün Xankəndidə ilk dəfə qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

Xankəndi şəhərində keçiriləcək imtahan işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır. İmtahan Qarabağ Universitetində keçiriləcək. Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər.

İmtahanda 51 abituriyentin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə abituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.

İmtahan saat 10:00-da başlanır.

II ixtisas qrupu üzrə imtahanda 25 961, III ixtisas qrupu üzrə imtahanda isə 28 286 nəfər olmaqla, ümumilikdə 54 247 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 73 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək.

Chosen
0
3
afn.az

10Sources