EN

İsrail nüvə müharibəsinə başlayır - İran isə onu məhv edəcəyini bildirdi...


İsrail ABŞ-İran nüvə danışıqları pozulacağı təqdirdə buna cavab olaraq müvafiq planını hazırlayır. Belə ki, İsrail Müdafiə Qüvvələri İslam Respublikasına qarşı hərbi ssenarini məşq etməyə başlayıb. Bu, nüvə infrastrukturuna zərbə endirmək üçün bir həftəlik kampaniyanı nəzərdə tutur. Baş nazir Benyamin Netanyahunun hələ də Tehranla danışıqları davam etdirən Ağ Evdən plana razılıq alıb-almayacağı sual olaraq qalır.

İsrail mənbələri “Axios” portalına bildiriblər ki, təlimlərin ssenarisində Təl-Əviv İrana zərbələr endirir. Onların fikrincə, hərbi simulyasiyaya səbəb İsrail kəşfiyyatının ABŞ-İran nüvə danışıqlarının tezliklə pozulacağına inamı olub. İsrail mənbələri “Axios”a onu da bildiriblər ki, İrana təsirli zərbə endirmək üçün pəncərə tezliklə bağlana bilər, buna görə də İsrail tez hərəkət etməli olacaq. Onlardan biri deyir: "Çoxlu təlimlər keçirilib və Amerika hərbçiləri hər şeyi görür və mükəmməl başa düşür". “Bibi (Netanyahunun ləqəbi) nüvə danışıqlarının pozulacağı və Trampın danışıqlardan məyus olduğu və ona icazə verməyə hazır olduğu anı gözləyir”. “Axios” mənbələrinə görə, İrana qarşı hərbi kampaniya birdəfəlik olmayacaq: ən pis ssenaridə İslam Respublikası İsrailin nüvə obyektlərinə ən azı bir həftə davam edəcək hücumları dalğası ilə üzləşəcək. Bu yaxınlarda CNN ABŞ kəşfiyyatına istinadən İsrailin hazırlıq faktını təsdiqləyib. Onun mənbələrinə görə, son aylarda yəhudi dövlətinin gücdən istifadə etmə ehtimalı xeyli artıb, çünki tərəflərin inadkarlığı ucbatından Vaşinqton və Tehran arasında İranın uranın zənginləşdirilməsi proqramının tamamilə sıradan çıxarılmasına gətirib çıxaracaq nüvə razılaşması perspektivi sönür. ABŞ rəsmiləri CNN-ə bildiriblər ki, İsrailin hazırlıqları ABŞ ilə əlaqələndirilmir və İsrail ordusunun hər hansı bir zərbəsi Netanyahunun prezident Donald Tramp administrasiyası ilə qırılması olacaq.

Amerika isteblişmentindəki “Axios” mənbələri mümkün koordinasiya çatışmazlığına da diqqət çəkir: ABŞ İsrailin İrana qarşı qaçılmaz olaraq uzunmüddətli regional böhrana səbəb olacaq hücumları dalğasının Ağ Evin xəbəri olmadan həyata keçiriləcəyindən ehtiyat edir. Lakin rəsmilər eyni zamanda etiraf edirlər ki, İsrail tərəfi sadəcə olaraq özünün çoxdankı regional rəqibinə psixoloji təzyiq göstərə bilər. Tehran şayiələrə acı reaksiya verir. İranın xarici işlər naziri Abbas Əraqçi BMT və Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) ünvanladığı məktubda deyib: “İran sionist rejimi hər cür tələsik hərəkətlərə qarşı xəbərdar edir və bəyan edir ki, bu rejim tərəfindən istənilən təhdid və ya pozuntular sərt və qətiyyətli cavablandırılacaq. Biz həmçinin əminik ki, sionist rejim tərəfindən İran İslam Respublikasının nüvə obyektlərinə hücum ediləcəyi təqdirdə ABŞ hökuməti bu hücumun şəriki olacaq və buna görə hüquqi məsuliyyət daşıyacaq”. Nazir xəbərdarlıq edib: “İran öz nüvə obyektlərini qorumaq üçün bir sıra tədbirlər görməyə məcbur olacaq və bu barədə MAQATE-yə məlumat veriləcək”.

Öz növbəsində, İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi nümayəndəsi, general-mayor Əli Məhəmməd Naeini bəyanat yayıb ki, yəhudi dövləti “səfehlik və təcavüzkarlıq etmək qərarına gələrsə” öz həssas və kiçik ərazisində sarsıdıcı və qəti cavab alacaq. Bu fonda Vaşinqton uranın zənginləşdirilməsi proqramını durdurmaq üçün Tehrana təztiqləri artırır. Amma Səudiyyə mediasına müsahibəsində Əraqçi izah edib ki, uranın zənginləşdirilməsi İran xalqı üçün müstəsna dəyərə malikdir, çünki bu texnologiya xaricdən gətirilmir, milli inkişafın nəticəsidir. Onun sözlərinə görə, proqram başqa şeylərlə yanaşı, İsrailin təxribat əməliyyatları ilə bəzilərini məhv etdiyi nüvə fiziklərinin qanı ilə ödənilib. ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bəyan edib ki, Donald Tramp administrasiyasının İranla nüvə danışıqlarında “qırmızı xətti” Tehranın uranı hər hansı səviyyədə zənginləşdirmək qabiliyyətidir. Buna cavab olaraq İran bildirib ki, razılaşma olsa da, olmasa da, uranın zənginləşdirilməsini davam etdirəcək. Uitkoff bildirir: “Biz hətta zənginləşdirmə qabiliyyətinin 1 faizinə belə icazə verə bilmərik”. O vurğulayıb ki, mülki məqsədlər üçün belə olsa, hər cür zənginləşdirmə potensial olaraq silah istehsalına şərait yarada bilər: “Hər şey zənginləşdirməni əhatə etməyən bir razılaşma ilə başlamalıdır, çünki zənginləşdirmə silahlanmanı mümkün edir. Və biz bu bombanın buraya çatmasına imkan verməyəcəyik”. Qarşıdurma fonunda, İranın ali dini rəhbəri Əli Xameneyinin baş müşaviri Kamal Xərrazi Tehranda illik toplantıda İranın zənginləşdirmə ilə bağlı mövqeyini müdafiə edib. O, İranın nüvə sahəsindəki biliklərini əvəzolunmaz adlandırıb və əlavə edib ki, İran nüvə silahı əldə etməyə çalışmır, lakin regional nüvəsizləşdirmənin ortaq bir məqsədi olmalıdır. Xərrazi daha əvvəl xəbərdarlıq etmişdi ki, İran nüvə silahı əldə etmək istəməsə də, bomba düzəldə və ekzistensial təhlükə ilə üzləşərsə, nüvə doktrinasını yenidən nəzərdən keçirə bilər. Ekspertlərin fikrincə, hazırda İran rəhbərliyinin daxili iqtisadi böhrandan çıxmaq və İsrailin, xüsusən də ən azı bir həftə davam edəcək əməliyyatı olacağı təqdirdə ölkəni idarə etmək üçün ehtiyat strategiyası yoxdur. Bunu “Reuters” agentliyinin iranlı mənbələri də təsdiqləyir. Onlar bu yaxınlarda bildiriblər ki, onilliklərlə davam edən nüvə mübahisəsini həll etmək üçün diplomatik səylər uğursuz olarsa, İranın ali lideri Əli Xamneyinin B planı yoxdur.

Tahir TAĞIYEV

Chosen
0
50
baki-xeber.com

10Sources