EN

Tramp Rusiya ilə bağlı Konqresdən vaxt istəyib - 2 aylıq iş nəticə vermədi...


Əli Orucov: “Güzəştə getməsə, ABŞ sanksiyaları sərtləşdirəcək”

“Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ Konqresi tezliklə anti-Rusiya sanksiyalarını sərtləşdirə bilər”. Bunu ABŞ Dövlət katibi Marko Rubio “CBS News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ administrasiyası bu barədə Rusiyaya xəbərdarlıq edib: “Biz Konqresdən Ukrayna üzrə danışıqlarımızda hər hansı irəliləyiş əldə edə biləcəyimizi görmək üçün bizə bir müddət vaxt verməsini istədik. Amma biz altı-yeddi həftə əvvəl Rusiya tərəfi ilə də kifayət qədər aydın danışdıq, Rusiya tərəfinə Konqresdə bu səylərin davam etdiyini bildirdik. Biz, demək olar, iki aya yaxındır Rusiyaya dəfələrlə xəbərdarlıq edirik ki, Ukraynada sülhlə bağlı irəliləyiş olmazsa, bu baş verəcək. Ona görə də hesab edirəm ki, bu, indi reallığa çevrilir”.

Maraqlıdır, doğrudanmı ABŞ Rusiyaya qarşı sərt addımlar atacaq?

“Bütün bunların nəticəsi həm Rusiya, həm də Putin üçün fəlakətli olacaq”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov prinsipcə bunu istisna etmədi: “Təbii ki, Birləşmiş Ştatlar sonsuza qədər Rusiyanın, daha dəqiqi, Putinin nazı ilə oynamayacaq. Düzdür, ABŞ prezidenti Donald Tramp Rusiya ilə konfrontasiyaya getməkdə maraqlı deyil. Maraqlı deyil ki, müharibənin miqyası genişlənsin və bu məqsədlə maliyyə, hərbi yük ABŞ-ın üzərinə düşsün. Elə bu səbəbdən də ilk dövrlərdə zəif tərəf olan Ukraynaya, bu ölkənin prezidenti Zelenskiyə daha çox təzyiq göstərdi. Ancaq onun bu addımı əks nəticə verdi. Avropa İttifaqının əksər üzvləri Ukraynanın yanında durdular. Rusiya prezidenti Vladimir Putin görəndə ki Tramp yumşaq mövqe sərgiləyir, bu zaman həm danışıqlarda daha sərt, güzəştsiz mövqe tutdu, həm də Ukrayna şəhərlərinin vəhşicəsinə bombardıman edilməsinə qərar verdi. Təsadüfi deyil ki, ABŞ-ın vitse-prezidenti Cey di Vens Rusiyanın Ukrayna ilə bağlı daha çox şey istədiyini bildirdi. Bu isə o deməkdir ki, Rusiya Ukraynanın tamamımı ələ keçirmək istəyir. Ona görə də hər vəchlə 1 aylıq atəşkəsə qarşı çıxır. Ukraynanın bundan istifadə edərək müdafiə mövqelərini möhkəmləndirəcəyindən ehtiyat edir. Çünki Rusiya Ukrayna cəbhəsində böyük itkilər verir. İrəliləsə də, bu, böyük canlı qüvvənin itkisi hesabına baş verir. Üstəlik, ABŞ Konqresində Rusiyaya qarşı olan konqresmenlərin sayı artır. Bununla yanaşı, Trampın Rusiyaya qarşı qətiyyətsiz hərəkəti onun ictimai reytinqini aşağı salmaqdadır. Ona görə də belə vəziyyət sonsuza qədər davam edə bilməz. Rusiya güzəştə getməsə, ABŞ sanksiyaları sərtləşdirəcək. Həmçinin Ukraynaya hərbi yardımı yenidən artıracaq. Bütün bunların nəticəsi həm Rusiya, həm də Putin üçün fəlakətli olacaq”.

Vidadi ORDAHALLI

Chosen
0
49
baki-xeber.com

10Sources