AZ

"ABŞ Senatında Rusiyaya qarşı sanksiyalar gündəmdədir" - "Amerikanın Səsi"

 
"Putin cəzasız qaldığını görsə, bu, Əfqanıstandan da betər olacaq..."
 
ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin mayın 20-də keçirilən dinləməsində senator Lindsi Qrem bəyan edib ki, ABŞ Senatı Ukraynadakı müharibə ilə bağlı danışıqlarda yaxın vaxtlarda irəliləyiş əldə olunmasa, Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsini səsverməyə çıxarmağa hazırdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.org" nəşri məlumat yayıb.
 
"Əgər qarşıdakı bir neçə gün son aylar kimi keçsə, onda sadəcə hesab edin ki, biz irəliləyəcəyik, çünki hesab edirəm ki, bizim borcumuz bu müharibəyə son qoymaq üçün dünyaya yardım etməkdir", - o, deyib. O, əlavə edib ki, Ukraynadakı müharibə ilə bağlı ABŞ-ın siyasətini Çin yaxından izləyir və bu, Çin lideri Si Tszinpinin gələcək planlarına təsir edəcək.
 
"Bu, Tayvan üçün bir növ baş məşqdir. Məncə, bu müharibənin necə bitməsi Tayvanın gələcəyini xeyli dərəcədə müəyyənləşdirəcək. Mən istəyirəm ki, bu müharibə elə bitsin ki, Si Tszinpin desin: "Putinin işi heç də uğurlu olmayıb", - Qrem vurğulayıb. O, həmçinin bildirib ki, əgər Putin dayandırılmasa və Ukraynadakı müharibə onun üçün nəticəsiz qurtarsa, "bu, Əfqanıstandan da pis olacaq".
 
"Mən Rusiyanı alçaltmağa çalışmıram, amma istəyirəm ki, bu müharibə yeni bir müharibənin başlanmaması üçün bitsin. Əfqanıstan faciə olub. Əgər Ukraynada bunu düzgün etməsək və dünya Putinin cəzasız qaldığını görsə, bu daha da pis olacaq. Bu, Əfqanıstandan da betər olacaq", - senator əlavə edib.
 
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları
 
Xatırladaq ki, daha öncə Qrem demokrat senator Riçard Blumental ilə birlikdə Rusiyaya və Ukraynaya qarşı təcavüzü dəstəkləyən ölkələrə qarşı sərt iqtisadi tədbirlər nəzərdə tutan ikipartiyalı qanun layihəsini təqdim edib.
 
Layihədə Rusiya nefti, qazı, uranı və digər enerji resurslarını alan ölkələrdən idxal olunan mallara 500 faiz tarif tətbiq olunması təklif edilir. Həmçinin, amerikalıların Rusiya suveren borcunu almağına qadağa qoyulması və Rusiya dövlət strukturları ilə maliyyə əməliyyatlarının məhdudlaşdırılması nəzərdə tutulur.
 
Qanun layihəsi ABŞ Senatında geniş dəstək alıb - 72 senator onu imzalayıb ki, bu da prezident vetosunu dəf etmək üçün lazım olan səs sayından çoxdur. Eyni zamanda ABŞ Dövlət katibi Marko Rubio bəyan edib ki, Tramp hələlik bu sanksiyaları dəstəkləmək istəmir, çünki "rusiyalılarla danışmaq imkanını qorumaq" istəyir.
Seçilən
0
49
moderator.az

10Mənbələr