EN

ABŞ və Rusiya arasında kritik Ukrayna danışığı

BAKI, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp bu gün Rusiya lideri Vladimir Putinlə Ukrayna müharibəsinə son qoymaq məqsədilə telefon danışığı aparacaq.

TurkicWorld xəbər verir ki, ötən həftə İstanbulda Ukrayna və Rusiya nümayəndələrinin üç ildən sonra ilk dəfə birbaşa danışıqlara başlaması fonunda diplomatik səylər intensivləşib.

Tramp bu gün GMT vaxtı ilə saat 17:00-da Rusiya Prezidenti Vladimir Putinə zəng edəcəyini bəyan edib.

Tramp telefon danışığından sonra Ukrayna Prezidenti Vladimir Zelenski və bir sıra NATO liderləri ilə də görüşlər keçirəcəyini bildirib. ABŞ lideri çıxışında görüşün əsas mövzusunun “hər həftə hər iki tərəfdən minlərlə insanın həyatına son qoyan qanlı toqquşmaların dayandırılması və ticarət əlaqələrinin müzakirəsi” olacağını qeyd edib. “Ümid edirəm ki, məhsuldar bir gün olacaq. Atəşkəs əldə olunacaq və heç vaxt baş verməməli olan bu müharibə bitəcək” – deyə Tramp bildirib.

ABŞ Dövlət katibi Marko Rubio isə CBS kanalına açıqlamasında danışıqların hədəflərini dəqiqləşdirərək bildirib ki, Tramp Rusiya ilə mümkün qədər tez birbaşa zirvə toplantısı keçirmək niyyətindədir. Onun sözlərinə görə, bu sammitdən əvvəl Rusiya tərəfi ən azı 30 günlük ümumi və hərtərəfli atəşkəs elan etməlidir. Əks halda, Moskva yeni sanksiyalarla üzləşə bilər.

Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə verdiyi müsahibədə Kremlin Ukraynada davam edən hərbi əməliyyatlar üzrə məqsədlərini bir daha dilə gətirib. “Ukraynada apardığımız xüsusi hərbi əməliyyatın əsas məqsədlərindən biri, özünü rus kimi tanıyan və gələcəyini Rusiya ilə bağlamaq istəyən əhaliyə bu imkanı tanımaqdır. Hansı bölgələrdən söhbət getdiyi hər kəsə məlumdur” – deyə Putin bildirib.

Rusiya lideri həmçinin qeyd edib ki, Ukrayna böhranının həlli üçün əsas səbəblər aradan qaldırılmalı, Rusiyanın təhlükəsizliyinə təminat verilməlidir və davamlı sülh üçün əlverişli mühit yaradılmalıdır.

Qeyd edək ki, Putin mayın 16-da İstanbulda Dolmabahçe Prezident Aparatında keçirilən birbaşa təmas masasında iştirak etməyib. Financial Times-ın məlumatına əsasən, ABŞ Prezidenti Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff keçən həftə Rusiya tərəfinə 22 maddəlik “sülh planı” təqdim etsə də, Kreml bu planı rədd edib. Planda Rusiya üçün mühüm olan zəmanətlərdən biri kimi Ukraynanın NATO üzvü olmayacağına dair öhdəlik olduğu iddia edilir.

Chosen
0
49
turkic.world

10Sources