EN

Trampın ərəb ölkələrinə səfəri İranda siyasi "zəlzələ" yaradıb

"ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə uğurlu səfəri İranın mühafizəkar dairələrini narahat edib".

Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

Elxan

Politoloq qeyd edir ki, İranın ali dini lideri Əli Xamaneyi ABŞ-ın Yaxın Şərqin siyasi və iqtisadi həyatına qarışmaqdan imtina etməsini istəməsi təsadüfi deyil:

"Əli Xamaneyi sonrakı cümləsində Trampın səfər etdiyi ərəb ölkələrini hədəf seçib: “Vaşinqton ərəb ölkələrinə elə model təklif edib ki, həmin ölkələr ABŞ-ın dəstəyi olmadan 10 gün də tab gətirə bilməzlər. Bu model məhfə məhkumdur. Yaxın Şərq xalqlarının tələbi ilə Amerika bölgədə getməli olacaq”.

Birincisi, adı çəkilən ərəb ölkələrinin ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında əsas səbəb təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Bu səbəblərin içərisində həmin ölkələrin İrandakı kimi rejimlərdən və İranın maliyyələşdirdiyi silahlı qruplardan qorunmaq da var. Misal üçün İraqın keçmiş diktatoru Səddam Hüseyn 1990-cı ildə Küveyti işğal edəndə ərəb ölkələrinin müraciət etdikləri ilk ölkə ABŞ oldu. Məhz ABŞ ordusunun komandanlığı altındakı koalisiya Küveyti azad etdi. Əli Xamaneyinin “Yaxın Şərq xalqlarının tələbi ilə Amerika bölgədə getməli olacaq” cümləsində Trampın səfər etdiyi ərəb ölkələri rejimlərinə təhdid elementi var. Yəni Xameneyi demək istəyib ki, ərəb ölkələrindəki rejimlərin əksinə olaraq həmin ölkələrin xalqları Amerika ilə əməkdaşlığın əleyhinədirlər və məhz xalqlar Amerikanın bölgəyə tərkinə məcbur edəcəklər. Bunun reallaşması üçün həmin xalqlar gərək rejimlərini də devirsinlər. Xameneyi cümləsində buna da işarə var. İranın mühafizəkar dairələri ərəb ölkələrində husilər kimi müttəfiqlər görmək istəyirlər ki, belələri həm İsrailə, həm də ABŞ-a qarşı savaş açsınlar.

“Qətər əmiri Şeyx Təmim bin Həməd Al-Sani ABŞ-ın İranın nüvə fəaliyyəti ilə əlaqədar yaranmış gərginliyi hərbi müdaxilə ilə həll etməsinin qarşısını almaqda mühüm rol oynayıb” bu sözlər Donald Trampa məxsusdur. “Əmir İrana, əslində, böyük kömək edir. Dəfələrlə mənə deyib ki, onlarla danışıqlar mümkündür. İranla razılaşma əldə edilə bilər. Bizim həmin ölkəyə ciddi zərbə vurmağımızı istəmir", – Tramp Dohada ABŞ və Qətər biznes liderləri ilə keçirilən görüş zamanı bildirib. O əlavə edib: "Hesab edirəm ki, İran Qətər əmirinə təşəkkür etməlidir. Çünki ətrafımdakı bir çox adamlar birbaşa zərbə endirməyi tövsiyə edir. Biz ABŞ olaraq dünyanın ən güclü ordusuna sahibik". İran ali dini lideri isə Qətər əmirinə minnətdar olmaq əvəzinə “niyə Siz ABŞ-la sıx əlaqələr qurmusunuz” deyə ona mesaj göndərib. Minnətdarlıq hissi yoxdur. İranın müfafizəkar dairələri eyni münasibəti Türkiyəyə bəsləyirlər. Türkiyə də Qətər kimi İrana qarşı hər hansı əmiliyyatın həyata keçirilməsinin əleyhinədir, vaxtilə qonşu dövlətə qarşı müharibənin başlamasının qarşısını almaq məqsədilə nüvə danışıqlarda vasitəçilik edib. İrandakı dairələri bunun əvəzində Türkiyədə casus şəbəkəsini genişləndirməyə qərar veriblər. Türkiyədə həmin şəbəkələrin ifşa olunması bundan xəbər verir, üstəlik PKK terrorçu təşkilatının da dəstək aldığı ölkələrdən biri İran olub".

Xalidə Gəray
Musavat.com

Chosen
0
40
musavat.com

10Sources