Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün Rusiya-Ukrayna danışıqları ilə bağlı diqqətçəkən açıqlamalarla çıxış edib.
O, Putin və Zelenski arasında görüşün mümkün olduğunu bəyan edib, lakin bunun yalnız nümayəndə heyətləri arasında müəyyən razılaşmalar əldə olunacağı təqdirdə baş tuta biləcəyini vurğulayıb.
Musavat.com xəbər verir ki, Peskovun bu açıqlaması Rusiya mediası, o cümlədən TASS agentliyi tərəfindən tirajlanıb. Peskov qeyd edib ki, hazırda tərəflər atəşkəslə bağlı ilkin şərtləri hazırlayır və Rusiya öz tələblərinin siyahısını Ukrayna tərəfinə təqdim etməyə hazırlaşır.
O, eyni zamanda əlavə edib ki, İstanbulda keçirilmiş son Rusiya-Ukrayna görüşündən sonra ABŞ və Rusiya liderləri arasında heç bir təmas baş verməyib. Bu, Trampın vasitəçiliyi məsələsinin hələlik gündəmdə olmadığını göstərir.
Peskov onu da qeyd edib ki, Rusiya nümayəndə heyətinin tərkibində hər hansı dəyişiklik nəzərdə tutulmur və hazırkı formatda danışıqların davam etdirilməsi planlaşdırılır. Onun sözlərinə görə, danışıqlar prosesi qapalı rejimdə aparılır və belə də davam etməlidir.
Bu bəyanatlar onu göstərir ki, Kreml hələlik diplomatik masa arxasında qalmağa üstünlük verir, lakin atəşkəs və ya yüksək səviyyəli liderlərin görüşü yalnız nümayəndə heyətlərinin real razılaşmalara gəlməsi fonunda mümkün olacaq.
Xatırladaq ki, İstanbulda keçirilən son görüşdə Rusiya və Ukrayna nümayəndələri cəmi 60 dəqiqəlik danışıqlar aparmış, bu görüşün əsas nəticəsi olaraq əsirlərin “1000-ə qarşı 1000” prinsipi ilə dəyişdirilməsi gündəmə gəlmişdi.
Musavat.com