Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukrayna ilə danışıqlar prosesinə dair yeni açıqlama ilə çıxış edib. O bildirib ki, Rusiya və Ukrayna tərəfləri atəşkəsin təmin olunması üçün qarşılıqlı şəkildə şərtlər siyahısını hazırlayır və mübadilə etməyə razılaşıblar. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.
Musavat.com xəbər verir ki, Peskov danışıqların qapalı rejimdə aparıldığını və belə də davam etməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tərkibində dəyişiklik nəzərdə tutulmur və tərəflər arasında əldə olunmuş ilkin razılaşmaların icrası ön plandadır.
Kreml rəsmisi Putin və Zelenski arasında mümkün görüş məsələsinə də aydınlıq gətirib. O bildirib ki, bu cür görüş yalnız nümayəndə heyətləri arasında müəyyən razılaşmalara gəlinəcəyi təqdirdə baş tuta bilər.
Peskov həmçinin bildirib ki, İstanbulda keçirilən danışıqlardan sonra Rusiya və ABŞ prezidentləri arasında hələlik heç bir təmas baş verməyib. Lakin əgər Prezident Putin və ABŞ Prezidenti Donald Tramp telefon danışığını məqsədəuyğun hesab etsələr, Kreml ictimaiyyəti bu barədə məlumatlandıracaq.
Qeyd edək ki, İstanbulda keçirilən son raundda Rusiya və Ukrayna nümayəndə heyətləri cəmi 60 dəqiqəlik müzakirə aparıblar. Bununla belə, Kreml bu prosesin davam etdiriləcəyini, danışıqların nəticə verməsi üçün diplomatik kanalların açıq saxlandığını bəyan edir.
Musavat.com