EN

Salah: “Qızıl top”u qazanmaq üçün yaxşı imkanlarım var”

“Liverpul”un 32 yaşlı misirli ulduzu, cinah hücumçusu Məhəmməd Salah “Qızıl top”un onun üçün vacibliyindən söhbət açıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, misirli ulduzun müvafiq açıqlamasını təqdim edir:

“Əvvəllər bu, məni dəli edirdi. Bəzi xüsuslar öz əlinizdə deyil, ona görə də siz onları buraxırsınız. İşləməyə başlayanda, özünün varlığını, mövsümdə nəyə müvəffəq olmaq istədiyini bildirəndə, bu, səni daha səylə çalışıb-vuraşmağa sövq edir. Mən bir dəfə onu qazanmaq istərdim. Amma əgər bu, baş vərməsə, onda mən daha nə etməli olduğumu bilmirəm.

Mən əminəm ki, bu il “Qızıl top”u qazanmaq üçün yaxşı imkanlara malikəm”, amma görək də…”.

Vurğulayaq ki, Məhəmməd Salah “Liverpul”un canlı əfsanəsi olaraq qəbul edilir.

Əlavə edək ki, misirli futbolçu 28 qolla cari mövsüm İngiltərə Premyer Liqasının ən sərrast qolçusudur. Məhəmməd həmçinin məhsuldar ötürmələrin sayına görə mövsümün ən səmərəli futbolçusudur – 18 məhsuldar ötürmə.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə futbolçunun “Roma”dan keçidi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Hücumçunun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 33 qol vurub, 23 məhsuldar ötürmə verib.

Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 399 oyun, 244 qol, 113 məhsuldar ötürmədən ibarətdir.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 103 oyun keçirib, 58 qol vurub və 34 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Chosen
0
1
arena.az

10Sources