EN

Gənclərin İXTİSAS SEÇİMİ - Hansı peşələr gələcəyin tələblərinə cavab verir?

Gənclik insan həyatında ən həlledici mərhələlərdən biridir. Bu dövrdə verilən qərarlar, xüsusilə də ixtisas seçimi insanın gələcək taleyinə birbaşa təsir göstərir. Peşəkar inkişaf və şəxsi məmnuniyyətin təməli də məhz bu seçimlə qoyulur. Zaman keçdikcə qazandığımız təcrübələr, öyrəndiyimiz dərslər və qarşılaşdığımız reallıqlar bu seçimə olan baxış bucağımızı dəyişdirə, bizi daha məqsədyönlü və düzgün qərarlar verməyə sövq edə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Abituriyentlərin ən çox və ən az üstünlük verdiyi İXTİSASLAR – SİYAHI


Gənclər hansı ixtisaslara üstünlük verməlidirlər? 

Professor Firudin Cəlilov Bizim.Media-ya açıqlamasında ixtisas seçiminin çox prinsipial məsələ olduğunu bildirib:

“Artıq XXI əsrdə yaşayırıq və bu, texnologiya əsridir. Gənclərə düzgün istiqamət vermək və onları gələcəkdə işsiz qalmayacaqları ixtisaslara yönəltmək vacibdir. Texnologiya sahəsində tələbat olan ixtisaslar seçilməlidir. İndi hər kəs filologiya və tarixə üz tutur, nəticədə isə işsiz qalır.

Şagirdləri qınamaq olmaz, onlara yol göstərmək lazımdır. Sosial şəbəkələrdə və media vasitələrində bu mövzuya geniş yer verilməlidir. Hətta Nazirlər Kabineti yaxın 3-5 il üçün hansı sahələrə ehtiyac olacağını proqnozlaşdırmalıdır. Elm və Təhsil Nazirliyi ilə birgə işləməlidirlər. Bu, çox ciddi məsələdir”.

Bəs Firudin müəllim gənc olsaydı hansı ixtisası seçərdi?

“Mən rəssam olmaq istəyirdim. İxtisas imtahanından keçdim, ancaq yazıdan kəsildim. Bu səbəbdən filologiyanı seçdim. Arzuma çata bilmədim,” – deyə professor təəssüf hissini ifadə edib.

Deputat Aqil Abbas isə gənclərə texniki sahələrə üstünlük verməyi tövsiyə edib. O, gənc olsaydı yenə də ədəbiyyatı seçəcəyini bildirib:

“Mənə Allah yazıçılıq istedadı verib, gedib həkim ola bilmərəm ki… Amma gənclərə tövsiyəm budur ki, texniki ixtisaslara yönəlsinlər - mühəndisliyi, kompüteri seçsinlər. Ədəbiyyatı seçməsinlər, ədəbiyyatdan boş şey yoxdur. Jurnalistikanı da seçməsinlər. Biz seçdik, əlimiz bala batdı?!”

Sabiq deputat Fəzail Ağamalı isə şagirdlərə gələcək karyeralarını təmin edə biləcək və hədəflərinə çatmalarına imkan yaradacaq ixtisaslara yönəlməyi məsləhət edib:

“Əgər gəncliyə dönsəm, yenə də tarix ixtisasını seçərdim. Hər kəs seçim edərkən öz qabiliyyətini nəzərə almalıdır. İxtisas seçimində valideynlərin də rolu böyükdür. Lakin əsas məsələ övladın arzusudur və bu, mütləq qabiliyyətlə uyğunlaşdırılmalıdır”, - deyə o bildirib.

Aygün Hüseyn, Bizim.Media

Chosen
0
10
bizim.media

7Sources