Finss.az - Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Avropaya 4 milyard kubmetr təbii qaz ixrac olunub.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Nazirin paylaşımına əsasən, ilin ilk dörd ayında Türkiyəyə 3,1 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz ixrac edilib. Eyni dövrdə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə nəql edilən qazın həcmi 1,9 milyard kubmetrə çatıb.
Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin əsas elementlərindən biri olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə həyata keçirilir. TAP 2020-ci ilin sonunda istismara verilib. Hazırda kəmərin illik ötürücülük qabiliyyəti 12 milyard kubmetr təşkil edir, lakin bu göstəricinin 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Ümumi uzunluğu 878 kilometr olan TAP boru kəməri Yunanıstanın şimalından başlayaraq 550 kilometrlik məsafəni bu ölkə ərazisindən, 215 kilometri Albaniyadan, 105 kilometri Adriatik dənizinin dibindən və 8 kilometri İtaliya ərazisindən keçir.
Azərbaycan qazının alıcılarından biri olan Bolqarıstana isə tədarük Yunanıstan – Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə həyata keçirilir. Bolqarıstanın dövlət enerji şirkəti “Bulgargaz EAD” “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın alınması üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə bağlayıb. Ümumi uzunluğu 182 kilometr olan IGB kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçir. Kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr arasında dəyişəcəyi gözlənilir.