EN

Bu il Avropaya 4 milyard kubmetr qaz ixrac edilib

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Avropaya 4 milyard kubmetr qaz ixrac olunub. Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, ilin ötən 4 ayında Türkiyəyə 3,1 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz ixrac olunub. Bundan əlavə, paylaşımda qeyd olunduğu kimi, hesabat dövrü ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 1,9 milyard kubmetr qaz nəql edilib.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

Ümumi uzunluğu 878 kilometr təşkil edən TAP Yunanıstanın şimal hissəsindən 550 kilometr, Albaniya ərazisindən 215 kilometr, Adriatik dənizinin dibi ilə 105 kilometr, İtaliya ərazisindən isə 8 kilometr məsafə qət edir.

Azərbaycan qazının alıcılarından olan Bolqarıstana “mavi yanacağ”ın nəqli TAP-a birləşdirilən Yunanıstan – Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə həyata keçirilir. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

 

Chosen
0
7
xalqqazeti.az

10Sources