Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas bildirib ki, hazırda hazırlanmaqda olan Rusiyaya qarşı 17-ci sanksiya paketindən sonra növbəti paket üzərində də işlər görüləcək.
Bizim.Media xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Biz 17-ci paket üzərində işləyirik. Ümid edirəm ki, gələn həftə (20 may — red.) keçiriləcək Aİ Xarici İşlər Şurasında onu qəbul edəcəyik. Sonra isə növbəti paket üzərində işləməyə başlayacağıq”, — deyə Kallas Kopenhagendə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sanksiya paketləri Aİ-nin iqtisadi təzyiq alətidir və məqsəd Rusiyanı Ukrayna ilə bağlı sülh razılaşmasına məcbur etməkdir.
Kaya Kallas sanksiyalardan yan keçilməsini böyük problem adlandırıb.
“Bu səbəbdən artıq sanksiyaları pozanlara qarşı cinayət məsuliyyəti tətbiq etmişik. Çünki aydındır ki, Avropa şirkətləri hələ də Rusiyadan qazanc əldə etmək istəyirlər”, — deyə Kallas vurğulayıb.
“Əlbəttə, biz eyni zamanda sanksiyalardan yan keçmək üçün Rusiyaya kömək edən ölkələrlə də danışıqlar aparırıq. Amma gərək özümüzə də baxaq, çünki hələ də Rusiyaya mal alıb-satan elə Avropa şirkətləridir”, — deyə o əlavə edib.
Kallas bildirib ki, Avropa İttifaqı Ukraynaya dəstəklə bağlı ABŞ-ın mövqeyinə ümid edir və bu məsələdə Avropa ilə Amerika arasında qarşılıqlı anlayış var.
“Düşünürəm ki, onların Senatda hazırladığı sanksiya paketi bu məsələyə bizim baxışımızın yaxşı göstəricisidir”, — deyə Kallas bildirib.
Bizim.Media