Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların İstanbulda keçirilməsini təklif edib.
Ukrayna dövlət başçısı Volodimir Zelenski də onun bu təklifini qəbul edib. Lakin Zelenski sadəcə Putin ilə görüşəcəyini, onun yerinə başqa səviyyədə heç bir görüş üçün İstanbula getməyəcəyini söyləyib. Kremldən isə məsələyə münasibət bildirilməyib. Ona görə də sabah İstanbulda Putin-Zelenski görüşünün keçirilib-keçirilməyəcəyi sual altındadır.
Maraqlıdır, İstanbulda Rusiya-Ukrayna danışıqları baş tutacaq? Putin görüşə gedəcək?
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Hit.az-a açıqlama verib. O bildirib ki, görüşün keçirilməsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə telefonla danışıb:
"Həmçinin, ABŞ Prezidenti Donald Tramp da İstanbulda keçiriləcək görüşü dəstəklədiyini bildirib. O, hətta görüşdə iştirak edə biləcəyi ehtimalının da olduğunu deyib. Putin isə hələ ki, görüşdə iştirak etməklə bağlı qərar verməyib.
O, hər nə qədər ilkin şərt olmadan danışıqlara hazır olduğunu bəyan etsə də, danışıqlar prosesi üçün konkret mövzuların müəyyən olunması ilə bağlı mövqe ortaya qoyub. Zelenksinin təklif etdiyi tam atəşkəsə Rusiyanın nə qədər hazır olub-olmadığını isə zaman göstərəcək".
Ekspert hesab edir ki, Tramp gələcəyi təqdirdə, Putin görüşə getməyə məcbur qala bilər:
"Görüşdə Zelenski ilə yanaşı, Trampın da iştirak etməsi halında, Putinin gəlməməsi beynəlxalq ictimai rəydə Rusiyanın qınaq obyektinə çevrilməsinə gətirib çıxarar. Ona görə də düşünürəm ki, Tramp İstanbula getsə, Putin də sözügedən görüşdə iştirak etmək məcburiyyətində qala bilər".
Pərviz