EN

Putin böyük psixoloji çətinlikdə - Zelenski təkbətək görüşə israr edir...


Abutalıb Səmədov: "Görüşün baş tutma ehtimalı çox yüksəkdir"

Məlum olduğu kimi, Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında Türkiyədə birbaşa görüş keçiriləcəyi gözlənilir. Tramp da iki prezident arasında görüşün keçiriləcəyi İstanbula gələcəyini deyib.

Zelenski deyib ki, mən Putini mayın 15-də İstanbulda şəxsən gözləyirəm.

Şəxsən Putinlə Zelenski arasında görüş alınacaq, yoxsa alınmayacaq? Şəxsən iki prezidentin görüşü baş tutacaqmı?

Şəxsən birincilərin görüşü nə dərəcədə realdır? Baş tuta bilərmi? Birinci dəfə bu görüş baş tutsa danışıqlar necə gedəcək? Bunlar bir-birinə necə müraciət edəcək? Ümumiyyətlə, o söhbət necə gedə bilər? Putin Zelenski ilə şəxsən görüşməyə gedəcəkmi?

"Bu şəraitdə yalnız bir halda görüş nəticə verə bilər, o da Tramp ABŞ-ın mövqeyini, sülhə baxışını Zelenskiyə qəbul etdirsin"

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Putinlə Zelenski arasında şəxsən görüş keçirilsə də, bunun nəticələri müsbət olmaya da bilər. A.Səmədov qeyd etdi ki, Türkiyədə Putinlə Zelenskinin görüşünün baş tutması Trampın təzyiqləri nəticəsində ola bilər. "Görüşün baş tutma ehtimalı çox yüksəkdir, nəzərə alsaq ki, Trampın özü də İstanbula gəlməyi planlaşdırır. Çox güman ki, Putin görüş barədə bəyanat verməzdən əvvəl bu məsələni Trampla danışıb. Ondan sonra gecə yarısı çıxıb və mətbuat konfransı keçirib. Bu onu göstərir ki, Putinin İstanbula gəlmək ehtimalı çox yüksəkdir. Ancaq burda bir şey də var ki, hələlik Moskva dəqiq demir ki, Putin iştirak edəcək, yoxsa yox. Putinin köməkçisi deyib ki, İstanbulda kimin iştirak edəcəyini prezident müəyyən edəcək. Yəni hələ ola bilsin ki, tam əminlik yoxdur. Tam əminlik yoxdur ki, mütləq orda prezident iştirak etsin, ya yox. Çünki görüş əgər nəticəsiz başa çatacaqsa ora getməyə ehtiyac yoxdur.

Ola bilsin ki, son anda artıq qəti qərar veriləcək ki, Putin getsin, yoxsa yox. Bunun üçün də Zelenskiyə təzyiqlər göstərilməlidir ki, o, Putinin və Trampın verdiyi planı qəbul etsin. Zelenskinin bu şərti qəbul etmək imkanı çox azdır. Onda gərək geri qayıtmasın. Belə bir mürəkkəb vəziyyətdir. Ona görə də indidən Putinin orda iştirak edəcəyini demək mümkünsüzdür. Son ana qədər yəqin ki, danışıqlar gedəcək və ola bilsin, qərar da 14-ü axşam qəbul olunsun. Son qərar. Bax, Putinin iştirakı ilə bağlı vəziyyət belədir".

A.Səmədov bildirdi ki, əslinə qalsa bu görüşün keçirilməsi mənasızdır, çünki əvvəlcədən nümayəndə heyətləri işləməlidirlər, saziş layihəsini hazırlamalıdırlar və son nöqtəni prezidentlər qoymalıdır: "İndi nəzərə alsaq ki, iki dövlətin mövqeləri arasında yerlə göy qədər fərq var, demək olar ki, heç bir məsələdə onlar nəinki eyni, heç yaxın mövqedə də deyillər. Bu halda keçirilən görüş nə verə bilər? Onların bir-biri ilə necə necə davranması, bir-birinə necə müraciət etməsi, təbiidir ki, axırıncı məsələdir. Əsas odur ki, burda nəticə ola bilərmi? Təklif Putindən gəldi, "heç bir ilkin şərt qoymadan İstanbul danışıqlarını davam etdirək" dedi və cəbhədəki reallıqlar nəzərə alınmaqla dərhal da şərti qoydu. Yəni İstanbul danışıqlarında nümayəndə heyətlərinin razılaşdığı məsələlər qüvvədə qalır. Orda hansı məsələlər razılaşdırılmışdır? Ukraynanın NATO-nun üzvü olmayacağı, neytral olacağı, Ukraynanın təhlükəsizliyinə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü, o cümlədən də Rusiya və eyni zamanda bir neçə əlavə ölkə təminat verməli idi. Bunların içərisində İsrail və Türkiyə də var. Bu məsələdə də razılaşma əldə olunmuşdu. Eyni zamanda o da razılaşdırılmışdı ki, prezidentlər həm Krımı, həm Donetski vəLuqanskı müzakirə etməlidirlər. Ancaq indi Putin deyir ki, cəbhədəki reallıqlar nəzərə alınmalıdır. O dövrdə söhbət Doneskdən, Luqanskdan gedirdisə, indi Zaporojye və Xerson da işğal olunub və ABŞ Krımı Rusiyanın ərazisi kimi tanımağa hazırlaşır.Bu şəraitdə təbiidir ki, nə Krım, nə Donesk, nə Luqansk müzakirə oluna bilməz. Rusiya çalışacaq ki, Krımın və dörd vilayətin ən azı Rusiyanın de-fakto ərazisi olması tanınsın, bunu Zelenski tanıya bilməz. Ukrayna NATO üzvü olmaqdan imtina etsin, Zelenski belə bir məsələyə də qol çəkə bilməz. Baxmayaraq, o da dərk edir ki, Ukraynanın NATO-nun üzvü olmaq şansı ən azı yaxın 20-30 ildə yoxdur. Bu şəraitdə yalnız bir halda görüş nəticə verə bilər, o da Tramp ABŞ-ın mövqeyini, sülhə baxışını Zelenskiyə qəbul etdirsin. Əslinə qalsa, Putinə qəbul etdirməyə heç bir ehtiyac yoxdur. Çünki Trampın planı Putinin sülh planıdır".

A.Səmədovun qeyd etdiyinə görə, ötən il Rusiya Xarici İşlər Nazirliyinin kollegiyasında Putin sülh planını ortaya qoyubvə tələb edib ki, Ukrayna NATO üzvlüyündən imtina etsin, işğal olunmuş ərazilərin ən azı de-fakto Rusiyanın olduğu qəbul edilsin. "Məlumdur ki, Krım, Sevastopol və Luqansk tamamilə, Donetsk, Zaporojye və Xersonun isə hardasa 75 faizi Rusiyanın nəzarətindədir. İndi Rusiya tələb edir ki, yerdə qalan ərazilərdən də Ukrayna qoşunları çıxarılsın və o ərazilər Rusiyaya təhvil verilsin. Zelenski buna gedə bilməz. Ancaq Tramp da bu mövqedədir. Burda danışıqlara mane olan bir mühüm cəhət də var. Avropa ölkələri və son anda buna Tramp da razılığını verdi, Rusiyadan tələb edirlər bu gün elan etsin ki, oatəşkəs təklifini qəbul edir. Əks halda sanksiyalar tətbiq olunacaq. Sanksiyalarla Rusiyanı qorxutmaq bir az qeyri-ciddi səslənir. 20 mindən artıq sanksiya tətbiq olunubsa, əlavə tətbiq olunacaq 100-200 sanksiya Rusiyaya nə zərər vuracaq? Üstəlik elə təsirli sanksiyalar var idisə indiyə qədər niyə tətbiq olunmadı? Üç ildir müharibə gedir, Avropa yenimi ayılıb? Bu da çox ciddi bir sualdı. Niyə indi ayılıb? Aydındır ki, Rusiya atəşkəs təklifini qəbul etməyəcək. Rusiya istəyir ki, hərbi əməliyyatları davam etdirə-etdirə müəyyən əraziləri işğal etməkdə davam etsin və bununla da Ukraynaya təzyiq imkanlarını saxlasın. Əslinə qalsa, Tramp da bu varianta etiraz etmir. Çünki o dərk edir ki, sülhə nail olmağın yeganə yolu Ukraynanı məcbur etməkdən keçir. Başqa halda Trampın sülhə nail olmaq şansı yoxdur. Bu səbəbdən güman edirəm ki, Rusiya atəşkəsə getməyəcək. Əgər Ukrayna Trampın sülh planını qəbul etsə, ondan sonra təbiidir ki, atəşkəs mütləq olmalıdır.

Görünür, bu səbəbdən də Putin deyib ki, atəşkəs məsələsinə danışıqların gedişində İstanbulda baxarıq.

Mən güman edirəm ki, bu danışıqlar nəticəsiz başa çatacaq".

A.Səmədovun fikrincə, çünki Zelenski bir tərəfdən anlayır ki, vəziyyət çıxılmazdır, ABŞ yardımı kəsərsə Ukraynanın 6 aydan çox dayanmaq şansı olmayacaq. "Hərçənd, indi də dayana bilmir. Hər gün Rusiya 1-2 yaşayış məntəqəsini ələ keçirir. Əgər ABŞ yardımı kəsərsə, silahları verməsə, kəşfiyyat məlumatlarını verməsə Ukraynanın vəziyyəti çox ağır olacaq. Çünki silahların ən vacibini verən ABŞ-dır. Baxmayaraq ki, onun Ukrayna ordusunun silahları içərisində payı təxminən 20 faizdir. 25 faizini də Avropa verir. Ancaq Avropanın 25 faizinin də hardasa 68 faizi Amerika silahlarıdır. Bu səbəbdən Zelenski anlayır ki, ABŞ-ın təklif etdiyi Tramp - Putin sülh planını qəbul etmək məcburiyyətindədir. Ancaq nə cür qəbul etsin? Bundan qat-qat əlverişsiz şərtlərlə təklif olunan planları darmadağın vəziyyətə salıb, ölkəni xarabazara çevirib. Bu şəraitdə Zelenski nə cür qol çəkə bilər? Belə bir çıxılmaz vəziyyət yaranıb. Zelenskinin nə razılaşmaq, nə etiraz etmək imkanı var. Ancaq çox güman ki, etiraz etmək yolunu seçəcək və İstanbul danışıqları nəticəsiz başa çatacaq. Ancaq təbiidir ki, biz arzu edərdik nəticə əldə olunsun, müharibəyə son qoyulsun, Zelenski buraxdığı səhvlərin girovuna çevrilməsin, Ukrayna xalqını düşünsün, hakimiyyətdə nəyin bahasına olursa-olsun qalmaq barədə yox, Ukrayna xalqının bundan sonra üzləşəcəyi faciələr barədə düşünsün və məsuliyyəti öz üzərinə götürüb məcburi sülh planını qəbul etsin. Burda təbiidir ki, Ərdoğanın elə böyük rolu yoxdur. O yalnız görüşləri təşkil edir, şərait yaradır. Onun nə Rusiya, nə Ukraynaya təzyiq göstərmək imkanı var. İndiki şəraitdə təzyiq vasitəsi ikidir. Bir Tramp təzyiq göstərə bilər, bir də cəbhədəki vəziyyət. Cəbhədəki vəziyyət də hələ Ukraynanın xeyrinə deyil, Rusiya irəliləməkdə davam edir və artıq Dnepropetrovski vilayətinin həndəvərinə, 800 metrliyinə qədər gedib çıxıblar. Qarşıda Ukraynanı ağır döyüşlər gözləyir" - deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA

Chosen
0
15
baki-xeber.com

10Sources