EN

İstanbulda atəşkəs və sülh üçün şans var - RƏY

Putin Zelenskiyə çağırış etdi

Zeynal Əmrəliyev: “Moskva sülhə hazır deyil, yalnız zaman qazanır"

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif edib. Putin bunu mətbuat konfransında bildirib. Rusiya lideri deyib ki, Kiyevə heç bir ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif edirlər: "Danışıqlara mayın 15-də İstanbulda başlamağı təklif edirik". Kreml rəhbəri qeyd edib ki, yeni atəşkəslərin razılaşdırılması mümkündür: "Biz ciddi danışıqlara hazırıq. Bizim təkliflərimiz masa üzərindədir. Ukrayna hakimiyyəti və kuratorları qərar verməlidirlər. Uzunmüddətli sülh əldə etmək lazımdır. İndi müharibə gedir və biz danışıqlar təklif edirik, bunun nəyi pisdir?". Bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı baş tutub. Ərdoğan Putinə bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazırdır. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Ömər Çelik deyib ki, Türkiyə dünya sülhünü təhdid edən münaqişələrin həllində etibarlı ünvana çevrilib. O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu danışıqlarda aktiv rol oynayır: “Prezidentimizin prinsipial sülh diplomatiyası Rusiya ilə Ukrayna arasında axtarılan sülh və dünyanın başqa yerlərində münaqişələrin həlli üçün ən etibarlı iradədir”. ABŞ Prezidenti Donald Tramp deyib ki, Ukrayna tərəfi Putinin Türkiyədə danışıqlar təklifinə dərhal razılaşmalıdır: "Türkiyədə Rusiya-Ukrayna danışıqları sülh razılaşmasının mümkün olub-olmadığını aydınlaşdıracaq". ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq isə deyib ki, Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlara başlamazdan əvvəl 30 günlük atəşkəs əldə edilməlidir: "Əvvəlcə 30 günlük qeyd-şərtsiz atəşkəs və bu müddət ərzində hərtərəfli sülh danışıqlarına keçid olmalıdır, əksinə deyil". Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazıb ki, Rusiya danışıqlar başlamazdan əvvəl atəşi dayandırarsa, mayın 15-də İstanbulda Putinlə şəxsən görüşə hazırdır: "Biz atəşkəs gözləyirik, tam və davamlı, diplomatiya üçün lazımi zəmin yaradacaq. Mən şəxsən Putini cümə axşamı Türkiyədə gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə səbəblər axtarmayacaqlar". Almaniya kansleri Fridrix Merz deyib ki, Rusiyanın Ukrayna ilə birbaşa danışıqlar təklifi yaxşı əlamətdir, lakin kifayət deyil. Kansler Rusiyanı ABŞ və Avropanın dəstəklədiyi 30 günlük atəşkəsə razı olmağa çağırıb: “Biz Moskvanın real danışıqlara başlamağa imkan verəcək atəşkəsə razılaşacağını gözləyirik. Əvvəlcə silahlar susmalıdır və yalnız bundan sonra müzakirələr başlaya bilər”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiya Prezidenti Vladimir Putinin bəyanatında Ukrayna nümayəndələri ilə İstanbulda birbaşa danışıqlara başlamaq üçün lazım olan bütün şərtlər var: "Dünən axşam, demək olar ki, dünəndən bu günə keçən gecə Rusiya Prezidenti Vladimir Putin müvafiq bəyanatla çıxış etdi. Bu bəyanatda hər şey var. Zəhmət olmasa oxuyun və tanış olun. Mənə elə gəlir ki, burada əlavə etməyə və ya çıxarmağa nəsə yoxdur". Ukraynalı deputat Aleksey Qonçarenko deyib ki, Ukrayna bütün müharibə boyu gizli şəkildə Rusiya ilə birbaşa danışıqlar aparıb: “Bu, bir dəfə, iki dəfə, hətta üç dəfə də aparılmayıb. 2022-ci ildə də, 2023-cü ildə də, hətta 2024-cü ildə də baş verib". Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X şəbəkəsində yazıb ki, Vladimir Putinin Volodimir Zelenski ilə danışıqlar üçün İstanbula gəlməsi ehtimalı çox aşağıdır: "Əsl lider heç kimin və heç nəyin arxasında gizlənmir. Rusiya tərəfinin zərrə qədər belə cəsarətə sahib olması ehtimalı çox azdır". 

Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, Putinin bunu təklif etməsinin əsasən üç səbəbi var. Ekspert bildirib ki, Rusiyanın resursları ciddi şəkildə tükənir. Ölkənin bank sektoru faktiki çöküşdədir və ard-arda banklar bağlanır: 

"Mərkəzi Bank rəhbərliyi bununla bağlı Putini dəfələrlə xəbərdar edib. İkinci məsələ budur ki, Rusiya prosesdə ABŞ-nin vasitəçiliyinə çox da isti baxmır. Moskva vəziyyəti tarazlamaq üçün Vaşinqtona Tehranla arasında vasitəçilik təklif etdi. Lakin ABŞ və İran Omanın vasitəçiliyi ilə danışıqlara üstünlük verdi. Digər məsələ Rusiyanın zaman qazanmaq istəyidir. Ortada olan 30 günlük atəşkəs təklifi var. Rusiya danışıqlar aparıldığı müddətdə var gücü ilə əməliyyatlara davam edəcək. İstanbul danışıqlarında sülhün əldə edilməsi çox da inandırıcı deyil. Yalnız qısamüddətli atəşkəs imzalana bilər. Sülh üçün Rusiya özünün əsassız tələblərindən əl çəkməlidir. Moskva Krım, Donetsk, Luqansk, Xerson və Zaparojenin tamamilə federasiya ərazisi kimi tanınmasını istəyir. Ukraynada ağlı başında olan rəhbər buna razılaşmaz. Torpaqdan imtina bir dövlət üçün ölümdür. Faktiki vəziyyətlə barışsa belə, Kiyev hüquqi olaraq bir qarış torpağından belə imtina etməməlidir".

Chosen
0
sherg.az

1Sources