EN

Torpaq uğrunda vuruşduq, torpaq uğrunda çalışacağıq

Hər insanın həyatında dönüş nöqtələri olur. Kimisi üçün bu, yeni bir iş qurmaqdır, kimisi üçün ailə sahibi olmaq. Mənim üçün isə ən böyük dönüş nöqtəsi atamın başladığı müqəddəs bir işi - torpağa bağlılığı, kənd təsərrüfatını davam etdirmək oldu. Çünki torpaq yalnız əkilib-becərilmək üçün deyil, həm də bir millətin ruhunun, tarixinin və gələcəyinin aynasıdır.

1987-ci il SSRİ-nin iqtisadi sistemində dönüş ili oldu. Kooperativlər haqqında qanun kənd təsərrüfatında yeni imkanlar açdı və atam Arzuman Kərimli bu imkanları dəyərləndirərək Füzuli rayonunun Yağlıvənd kəndində “Bahar” bağçılıq-bostançılıq kooperativini yaratdı. Bu təkcə bir təsərrüfat deyildi, bu, kəndin iqtisadiyyatına, insanların rifahına xidmət edən bir təşəbbüs idi.

Başlanğıcda cəmi 2 hektar torpaq ayrılmışdı. Ancaq bir fermer torpaqla nəfəs alır, torpaq az olduqca sıxılır. Odur ki, kooperativ böyüdü, fəaliyyət dairəsi genişləndi və 1990-cı ilə qədər heyvandarlıq, quşçuluq və digər sahələri də əhatə etməyə başladı. “Bahar” qısa müddətdə inkişaf edərək 350 baş qoyun, 55 baş qara-mal, 12 baş camış, 12 baş at və 3000-dən çox quşçuluq təsərrüfatına çevrildi. Əkin sahələrində taxıl və bostan məhsulları yetişdirilir, təsərrüfatın istehsal gücü artırılırdı.

Lakin tarix təkcə quruculuqla yazılmır. 1993-cü ildə Füzuli rayonunun işğalı “Bahar”ın taleyinə də təsirsiz ötüşmədi. Təsərrüfatın torpaqları, texnikası, heyvanları məhv edildi, illərlə qurulan iş bir anda darmadağın oldu. Amma torpağa bağlı olan insan məğlub olmur. O, bir gün geri qayıdacağını bilir. Biz də o günü gözlədik.

Qarabağ işğaldan azad olunandan sonra artıq gözləməyə ehtiyac yox idi. Keçmişdə qoyub gəldiyimiz hər şeyə yeni nəfəs vermək, “Bahar”ı yenidən dirçəltmək vaxtı idi. Lakin bu dəfə atamın qurduğu ənənəni yaşatmaqla yanaşı, öz təsərrüfatımı da qurmaq qərarına gəldim və 2021-ci ildə “Arzumanoğlu” Fermer Təsərrüfatını yaratdım.

Bu təsərrüfat təkcə məhsul istehsalı üçün deyil, həm də Qarabağın dirçəlişinə töhfə vermək üçün qurulub. Füzuli rayonunun Yağlıvənd kəndində yerləşən “Arzumanoğlu” Fermer Təsərrüfatı heyvandarlıq və bağçılıq sahələrində fəaliyyət göstərəcək. “Bahar” Kooperativi isə bostançılıq, quşçuluq və arıçılıq sahələrində fəaliyyətini bərpa edəcək. Bizim üçün bu iş təkcə iqtisadi fəaliyyət deyil, eyni zamanda mənəvi borcdur—torpağı abad etmək, onu yenidən canlandırmaq.

Cənab Prezidentin Qarabağla bağlı söylədiyi bir fikir var: “Qarabağı əvvəlkindən də gözəl tikəcəyik, məhsul bolluğu yaradacağıq.” Bu yalnız bir vəd deyil, bu, bir missiyadır. Azərbaycan torpaqları təkcə azad edilmək üçün deyil, həm də yenidən abadlaşdırılmaq üçün geri alındı. Biz bu torpaqlarda təkcə evlərimizi tikməyəcəyik, həm də onun hər qarışını məhsuldar hala gətirəcəyik.

Qarabağ Azərbaycana qaytarıldı, indi isə biz Qarabağı yenidən torpağa qaytarmalıyıq. O torpaqları, o kəndləri, o təsərrüfatları yaşatmalıyıq. Əkinlərimizlə, məhsullarımızla, qurduğumuz yeni təsərrüfatlarla. Bu yol uzun olacaq, amma biz bu yolda iradə ilə addımlayacağıq. Çünki bu, təkcə iqtisadiyyatın deyil, həm də xalqın ruhunun, kimliyinin dirçəlişidir.

Atamın başladığı ənənə indi də onun dəstəyi ilə davam edəcək. Bu gün mənim üçün təkcə bir təsərrüfatı böyütmək deyil, həm də bir mirası yaşatmaq məsuliyyəti var. Azərbaycan torpağı uzun illər işğal altında qalsa da, onun ruhu işğal olunmadı. İndi isə bu ruhu dirçəltmək, torpağın nəfəsini yenidən hiss etdirmək bizim borcumuzdur.

Bu müqəddəs yolda ilk növbədə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, bizə bu torpaqları sevə-sevə, fəxrlə yaşamaq imkanı verən bütün qazilərimizə dərin təşəkkürümü bildirirəm. Onların fədakarlığı sayəsində biz bu gün torpağımıza qayıdıb onu yenidən dirçəldə bilirik.

Həmçinin bu torpaqları bizə yenidən qazandıran Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı ifadə edirəm. Onun qətiyyəti və uzaqgörənliyi sayəsində Qarabağ yalnız döyüşlə deyil, həm də abadlıqla geri qayıdır.

Qarabağın bərpasında əvəzsiz xidmətləri olan Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynova və onun müavini Eldar Seyidova da təşəkkür edirəm. Bu torpaqlarda yeni həyat qurmaq yolunda göstərdikləri dəstək bizim üçün çox önəmlidir.

Torpaq bizi gözlədi — biz də ona layiq olacaq, onu yaşadacağıq.

Tağı Türk

Chosen
0
modern.az

1Sources