"Münaqişənin qarşısını almaq yalnız Çin və ABŞ-ın əlindədir"
Politoloq Oqtay Qasımov bu sözləri News365.az-a açıqlamasında deyib.
"Çinin münaqişə edən tərəflərə təzyiq və təklif baxımından geniş imkanları var. Məhz bu səbəbdən, əgər tərəflər istəsələr, münaqişə genişmiqyaslı savaşa çevrilmədən dayandırıla və danışıqlar masasına oturula bilər. Amerika Birləşmiş Ştatları və Çin istisna olmaqla, digər dövlətlərin – istər regional, istərsə də qlobal güclərin – bu münaqişənin qarşısını almaqda təsir imkanları məhduddur. Yalnız ABŞ və Çin bu məsələdə real təsir gücünə malikdir.
Çin və Birləşmiş Ştatların münaqişə tərəflərinə münasibəti və onlarla əlaqələri müəyyən səbəblərə görə digər aktorların yanaşmalarından fərqlənir. Pakistanın bir sıra qərb dövlətləri, xüsusilə də ABŞ ilə müsbət münasibətləri mövcuddur. Bu əməkdaşlıq özünü müxtəlif sahələrdə daha aydın göstərir. Digər tərəfdən, Pakistanın Çinlə də strateji müttəfiqlik münasibətləri var.
İslamabadla Dehli arasındakı qarşılıqlı rəqabəti daha da riskli edən əsas amil isə hər iki dövlətin nüvə silahına malik olmasıdır."