EN

Kilian Mbappe “Real”ın mütləq rekordçusu oldu

İspaniya La Liqasının 35-ci turunun “Barselona” ilə səfər oyunu “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “qaymaqlılar”ın 3:4 hesablı məğlubiyyətinə rəğmən, Mbappe “Real”ın hər üç qoluna imza atmaqla mütləq rekord müəyyənləşdirib.

Fransalı ulduz “Real”da debüt mövsümündə ən çox qol vurmuş oyunçu ünvanına sahib olub – 38 qol. Kilian “Real”ın çilili keçmiş hücumçusu İvan Samoranonun 1992/1993-cü illər mövsümündə müyyənləşdirdiyi 37 qolluq nəticəsini geridə qoyub.

Əlavə edək ki, Mbappe İspaniya La Liqasında cari mövsümün ən sərrast oyunçusu adını da ələ keçirib. Mbappenin hesanıba La Liqada 27 qol var. Fransalı ulduz “Real”ın əzəli rəqibi “Barselona”nın 36 yaşlı polyak mərkəz hücumçusu Robert Levandovskinin 25 qolluq nəticəsini üstləyib.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 52 oyuna çıxıb, 38 qol vurub, 4 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 88 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 170 milyon avro məbləğində qiymətləndirir.

Chosen
0
6
arena.az

10Sources