EN

Qətərdən Trampa ŞOK HƏDİYYƏ: 400 milyonluq “uçan saray”

Donald Trampın administrasiyası prezidentlik müddəti başa çatanadək ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsində olacaq yeni "Air Force One" təyyarəsi kimi Qətər kral ailəsindən "Boeing 747-8" təyyarəsini qəbul etməyə hazırlaşır. Daha sonra bu təyyarənin Trampın prezident kitabxanası fonduna verilməsi planlaşdırılır.

Musavat.com xəbər verir ki, bu barədə ABC News öz mənbələrinə istinadən məlumat yayıb.

Gözlənilir ki, bu hədiyyə Trampın ikinci prezidentlik müddəti çərçivəsində həyata keçirəcəyi ilk xarici səfər – Qətərə səfəri zamanı gələn həftə elan ediləcək.

"Təyyarə lüks interyeri səbəbilə "uçan saray" adlandırılır" – Tramp fevral ayında onu Vest Palm Biç aerodromunda şəxsən gözdən keçirib. Hərbi təhlükəsizlik avadanlıqları daxil edilmədən əvvəl təyyarənin dəyəri təxminən 400 milyon dollar olaraq qiymətləndirilir. Həmin avadanlıqlar sonradan ABŞ Hərbi Hava Qüvvələri tərəfindən quraşdırılacaq.

Ağ Ev və ABŞ Ədliyyə Nazirliyinin hüquqşünasları – o cümlədən Baş prokuror Pəm Bondi və Ağ Evin baş hüquq müşaviri Devid Uorinqton – bu hədiyyənin qəbul edilməsinin qanuni olduğunu bildiriblər. Onların araşdırmalarına əsasən, təyyarənin birbaşa Trampa deyil, əvvəlcə ABŞ Hərbi Hava Qüvvələrinə, daha sonra isə kitabxana fonduna verilməsi rüşvətə dair qanunları və ABŞ Konstitusiyasındakı xarici hədiyyələrlə bağlı qadağanı pozmur. Bondinin ötən həftə Ağ Evə göndərdiyi rəsmi sənəddə, təyyarənin 1 yanvar 2029-cu ilədək fonda verilməsinin hüquqi cəhətdən mümkün olduğu qeyd olunub.

13 yaşlı təyyarə Hərbi Hava Qüvvələri tərəfindən prezident standartlarına uyğun şəkildə modernləşdiriləcək. Bütün təmir və uyğunlaşdırma xərcləri ABŞ ordusu tərəfindən ödəniləcək. "L3Harris" şirkətinin artıq bu modernləşdirmə üçün müqavilə imzaladığı "The Wall Street Journal" tərəfindən bildirilib.

Hazırda "Air Force One" parkında 1990-cı ildən istifadə olunan iki köhnəlmiş "Boeing 747-200" təyyarəsi mövcuddur. Onların əvəzlənməsi üçün 2018-ci ildə "Boeing" ilə imzalanmış müqavilə gecikmələr və büdcə artımı ilə üzləşib. Əvvəlcə yeni təyyarələrin 2029-cu ildə istifadəyə verilməsi planlaşdırılırdı. Lakin Tramp bu prosesi İlon Maska sürətləndirməyi tapşırdıqdan sonra "Boeing" yeni tarix olaraq 2027-ci ili açıqlayıb. Buna baxmayaraq, Tramp yeni təyyarənin məhz bu il istifadəyə verilməsində israrlıdır.

Ağ Ev, Ədliyyə Nazirliyi və Qətər səfirliyi bu məsələ ilə bağlı hələlik rəsmi şərh verməyib.

Musavat.com

Chosen
0
1
musavat.com

10Sources