EN

Daşaltı məscidi Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışı ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.

Far.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılov bildirib.

Qeyd edilib ki, Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. İkiminarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub. İkimərtəbəli məsciddə eyni vaxtda 150-dən çox insan ibadət edə biləcək.

Daşaltı kənd məscidinin inşası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilib. İşğal dövründə dağıdılan məscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycan dövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin göstəricisidir.

Chosen
0
9
far.az

10Sources