EN

“Qoç Ət”-in Xocalının Xanabad kəndindəki müəssisəsinin məhsulları BƏƏ və Qətərə ixrac olunacaq

“Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksində istehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə də ixrac olunacaq.

APA-nın Qarabağ bürosu xəbər verir ki, heyvandarlıq kompleksinə damazlıq, ətlik-südlük heyvandarlıq, istehsal və ictimai iaşə xidmətləri daxildir.

Damazlıq fermer təsərrüfatının ümumi tutumu 750 baş iribuynuzlu heyvandan ibarətdir.

Hazırda təsərrüfatda 355 baş üç növ müxtəlif cins iribuynuzlu damazlıq heyvan var. Türkiyə və Almaniya texnologiyaları tətbiq olunmaqla fəaliyyət göstərən kompleks illik 100 ton ət, 2 min ton süd istehsalı gücünə malikdir. Gələcəkdə süd istehsalının illik 3 min tona çatdırılması nəzərdə tutulur. Kompleksdə istehsal olunan məhsullar daxili bazarla yanaşı, Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə ixrac olunacaq.

Müəssisənin işğaldan azad olunmuş ərazilərdəki fəaliyyəti nəticəsində 55 iş yeri yaradılıb. Gələcəkdə süd istehsalı müəssisəsinin də işə salınmasından sonra işğaldan azad edilmiş ərazilərdə şirkət tərəfindən yaradılan iş yerlərinin sayının 100-ə çatdırılması nəzərdə tutulur.

Layihə dəyəri 4,2 milyon manat olan kompleksin ərazisi 7,6 hektardır. 500 hektardan çox ərazidə isə payızlıq arpa və buğda əkilib ki, bu da təsərrüfatda yemə olan ehtiyacı qarşılayacaq.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal edilən texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından, həmçinin burada fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət, torpaq, əmlak və sadələşdirilmiş vergidən azad olunublar.

Xatırladaq ki, Prezidenti İlham Əliyevin iştirakı ilə mayın 9-da kompleksin açılışı olub.

Chosen
0
18
apa.az

10Sources