EN

Putin Ermənistanı faşizm üzərində Qələbənin "əsas qəhrəmanı" adlandırdı...Azərbaycanın adını çəkmədi - İlham Əliyev düz etdi...


Ən böyük ədalət Allah sevgisindən doğan ədalətdir. Ədalət olmayan yerdə Allah sevgisi demək ki, yoxdur...

9 May paradında Rusiya prezidenti Putinin çıxışını dinlədim.Təbii ki, mübahisəli və inkar edilməli saysız məqamlar tutdum.Yuxarıda dediyim Allah sevgisindən məhrum "ədalət" məsələsinə birbaşa bağlı saydığım bir məqamı xatırladım. Görün Putin nə deyir?

"Yubileyin əsas qəhrəmanları olan Rusiyanın, İsrailin, Ermənistanın və Monqolustanın müharibə veteranlarını salamlamaq bütün dövlət liderləri üçün böyük şərəfdir"... Vay vay vay... "Putinin ədalətinə" baxırsınız? Rusiya, Çin, Monqolustan və Ermənistan 80 yaşı olan Qələbənin əsas qəhrəmanları hesab edilir...

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Yubiley çıxışında bir dəfə də olsa, neçə Sovet İttifaqı Qəhrəmanı olmuş, 600 mindən çox oğul və qızını qurban vermiş, öz nefti ilə qələbənin taleyini birbaşa həll etmiş Qəhrəman Bakının, Azərbaycanın adını çəkməməsinin böyük qəbahət, böyük ədalətsizlik və böyük sayğısızlıq olduğunu bir kənara qoyaq. Müharibə vaxtı əhalisi heç 1 milyon da olmayan, neçə nəfər qurban verdiyi hələ də mübahisəli olan və Azərbaycandan on dəfələrlə az itki və töhfə vermiş Ermənistanı qələbənin əsas qəhrəmanlarından biri adlandırmaq hansı vicdana uyğun gəlir? Bunu necə deməyək ki, elə cənab Putinin özü tərəfindən faşizmin tərənnümünün qadağan edilməsi barədə qanun aktı hazırlandığı halda, hələ bu gün də İrəvanda Njde, Drasmat kimi Hitler nökərlərinin heykəlləri və xatirə lövhələri saxlanan Ermənistanı qələbənin qəhrəmanı adlandırmaq hansı həqiqətə uyğun gəlir?! Vicdana uyğunluğunu hələ demirəm.

Hələ bu ədalətsizliklərin qarşısında üstəlik Azərbaycan Prezidentini Moskvaya Qələbə paradına da dəvət edir. Ermənistanı faşizm üzərində qələbənin əsas qəhrəmanları sırasında qeyd etmək həm də tarixi saxtalaşdırmaq deməkdir. İlham Əliyevi bu saxtakarlıqları seyr etmək üçün dəvət edirdiniz?!

Hadisələr bir daha sübut edir ki, İlham Əliyev Moskva paradına haqlı olaraq getmədi...

Tahir TAĞIYEV

Chosen
0
baki-xeber.com

1Sources