“Çətin oyun oldu. Xüsusilə birinci hissə bizim üçün çətin keçdi. Ancaq fasilə ərəfəsində vurduğum qoldan sonra komanda daha inamlı oynamağa başladı".

Offsideplus.az xəbər verir ki, bu sözləri 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hücumçusu Ömər Kosayev Belarusla dünən keçirilən yoxlama görüşü (2:1) ilə bağlı AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, qalibiyyətdə baş məşqçi amilinin əsas rol oynadığını vurğulayıb: "Baş məşqçimiz Aqil Nəbiyevin tapşırıqlarını meydanda reallaşdıraraq, qələbə qazanmağı bacardıq. Aqil müəllimin bu qələbədə rolu böyük oldu. Həm taktiki gedişləri, həm də kollektivlə motivasiyalı söhbətləri bizə əlavə güc qatdı. Nəticədə inamlı qələbə qazandıq. Oyundan əvvəl Belarus yığmasının qapıçısını təhlil etmişdik. Bilirdik ki, ancaq sağ ayağı ilə oynayır. Qol epizodunda isə qapıçının topu sol ayağına keçirdiyini görəndə üstünə qaçdım və topu ələ keçirərək qapıdan keçirdim”.

Ö.Kosayev mayın 11-də Belarusun U-16 komandasına qarşı keçiriləcək ikinci yoxlama görüşü barədə də fikirlərini bölüşüb: “Belarusla ikinci oyunumuz da çətin olacaq. İlk matçdakı çıxışımızı sərgilməyə çalışacağıq. Ümid edirəm ki, həmin oyunda da qələbə qazanacağıq”.

Qeyd edək ki, Azərbaycan (U-16) – Belarus (U-16) qarşılaşması sabah Binə stadionunda saat 17:00-da başlanacaq.