EN

Müstəqilliyin, dövlətçiliyin və xalq sevgisinin simvolu

Azərbaycanın müasir tarixi Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır – onun adı müstəqilliyin, dövlətçiliyin və xalq sevgisinin simvoluna çevrilmişdir. Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın qədim diyarlarından biri olan Naxçıvan şəhərində, dəmiryolçu ailəsində dünyaya göz açmışdır. İlk təhsilini Naxçıvan şəhərindəki 4 nömrəli məktəbdə almış, 1939-cu ildə Naxçıvan Texnikumunu bitirmişdir. Daha sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olsa da, İkinci Dünya müharibəsinin başlaması onun təhsilini yarımçıq qoymasına səbəb olmuşdur. Lakin o, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini qiyabi bitirməklə təhsilini davam etdirmişdir. Heydər Əliyev təkcə savadlı dövlət adamı deyil, həm də böyük strateji düşüncə sahibi idi. Onun 22 il ərzində Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı kimi fəaliyyəti, xalqın rifahı və gələcəyi naminə atdığı addımlar onun dövlətçiliyə bağlılığının sübutudur.

Onun əsl liderlik missiyası 1990-cı illərdə – ölkənin parçalanma, dağılma, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı vaxtlarda daha parlaq görünməyə başladı. 1990-cı il 20 Yanvar faciəsi zamanı sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələrə ilk siyasi qiyməti verən məhz Heydər Əliyev oldu. O, Moskvada Azərbaycanın haqlı səsini ucaltdı, cinayətkarların cəzalandırılmasını tələb etdi. Bu, sadəcə siyasi çıxış deyil, xalqın ağrısına ortaq olmaq, milli ləyaqəti müdafiə etmək idi. 1991-ci ildə Sovet rəhbərliyinin Dağlıq Qarabağ məsələsində ikili standartlar yürütməsinə etiraz olaraq Kommunist Partiyası sıralarından çıxdı. Bu, onun prinsipial mövqeyinin və milli maraqlara sadiqliyinin bariz nümunəsi idi.  1990-cı ilin iyulunda Bakıya qayıdan Heydər Əliyev daha sonra Naxçıvana yollandı və burada xalqın təkidli tələbi ilə Naxçıvan Ali Məclisinin sədri seçildi. Naxçıvanda həyata keçirdiyi tədbirlər qısa zamanda onu yenidən Azərbaycanın ümummilli liderinə çevirdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransında partiyanın sədri seçilməsi isə bu siyasi iradənin rəmzi oldu. 1993-cü ilin may-iyun aylarında ölkədə baş alıb gedən anarxiya, vətəndaş qarşıdurması və müstəqilliyin itirilməsi təhlükəsi fonunda xalq yenidən ona üz tutdu. Bu, bir çağırış deyil, bir ümid idi. Xalqın səsinə səs verən Heydər Əliyev yenidən Bakıya qayıtdı və 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.  Onun rəhbərliyi ilə Azərbaycanda sabitlik bərqərar oldu, hüquqi dövlətin əsasları qoyuldu, iqtisadi islahatlara start verildi. 1998-ci ildə xalqın etimadı ilə ikinci dəfə prezident seçilməsi onun fəaliyyətinə verilən ən yüksək qiymət idi.  

2003-cü ildə səhhətində yaranmış problemlər səbəbindən prezidentliyə namizədliyini oğlu İlham Əliyevin xeyrinə geri götürdü. Bu, siyasi uzaqgörənliyin və gələcəyə hesablanmış inamın ifadəsi idi.  2003-cü il dekabrın 12-də Heydər Əliyev ABŞ-ın Klivlend Klinikasında vəfat etdi. 15 dekabrda isə Bakıda, Fəxri Xiyabanda dəfn olundu. Heydər Əliyevin vəfatı ilə Azərbaycan xalqı böyük bir liderini itirdi, amma onun ideyaları hələ də hər bir azərbaycanlının qəlbində parlayır və onun ideaları artıq reallaşır.  Öndərin bütün fikrləri bu gün də Azərbaycan xalqının yaddaşlarında yaşayır. Ulu Öndərin səsləndirdiyi  “Nə  Qorbaçov hakimiyyəti, nə Vəzirov hakimiyyəti, nə Mütəllibov, nə də Elçibəy hakimiyyəti mənim Azərbaycan xalqının qəlbindən silinməyimə səbəb ola bilməz. Bu, sadəcə söz deyildi. Bu – bir millətin sevgisinin əminliyi, bir liderin öz xalqına inamı idi. Bu gün biz o inamın, o ideyanın övladlarıyıq. Hər dəfə "Azərbaycan" deyəndə, bu adla yanaşı bir ad daha çəkilir: Heydər Əliyev. Çünki onun adı bu xalqın dilində yox, ürəyində yaşayır. Heydər Əliyevin siyasi fəaliyyətini  bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.    Onun rəhbərliyi ilə 2020-ci ildə 27 sentyabrda başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi. Bu zəfər – Heydər Əliyev ideyalarının reallaşması, güclü dövlətin və ordunun qurulmasının təntənəsi idi. Bu gün Ulu Öndər Heydər Əliyev fiziki olaraq aramızda olmasa da, onun ideyaları, siyasi irsi, dövlətçilik fəlsəfəsi Azərbaycanın gələcəyinə işıq salmağa davam edir. Onun adı xalqımızın yaddaşında əbədi yaşayacaq və hər bir azərbaycanlının qəlbində müqəddəs bir yer tutacaqdır.

Fidan Elturanqızı

Chosen
0
ikisahil.az

1Sources