6.3.9. azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”;
Azərbaycanın müasir tarixində əvəzolunmaz iz qoyan Ümummilli Lider Heydər Əliyev təkcə siyasi və iqtisadi sahədə deyil, ideoloji istiqamətdə də dərin miras qoyub. Onun həyata keçirdiyi azərbaycançılıq ideologiyası bu gün də Azərbaycanın siyasi, ictimai və mədəni həyatının əsas dayaqlarından biridir.
Bakıvaxtı.az-ın məlumatına görə, bu ideologiya Azərbaycan vətəndaşlarını milli maraqlar ətrafında birləşdirən, onların dövlətə və torpağa bağlılığını gücləndirən mənəvi bir platformaya çevrilib.
Heydər Əliyevin rəhbərliyi ilə azərbaycançılıq ideyası dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi, milli dilin, mədəniyyətin, adət-ənənələrin və tariximizin qorunması xüsusi diqqət mərkəzində saxlanıldı. Ulu Öndər bir çox çıxışlarında qeyd edirdi ki, hər bir azərbaycanlı, harada yaşamasından asılı olmayaraq, öz millətinə, dövlətinə və xalqına sədaqətlə xidmət etməlidir. Bu çağırışlar təkcə ölkə daxilində deyil, eyni zamanda xaricdə yaşayan milyonlarla azərbaycanlı üçün də milli həmrəyliyin və mənəvi birliyin əsas prinsiplərinə çevrildi. Onun rəhbərliyi ilə azərbaycançılıq ideyası təkcə milli-mənəvi dirçəlişin yox, həm də müasir, dünyəvi və müstəqil dövlətin təməl ideologiyası kimi qəbul edildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə azərbaycançılıq ideologiyası yeni dövrün çağırışlarına uyğun inkişaf etdirilərək həm daxildə milli birliyi gücləndirməklə, həm də beynəlxalq müstəvidə Azərbaycanın tanınması üçün mühüm rol oldu. Ərazi bütövlüyü uğrunda apardığı 44 günlük Vətən müharibəsi də azərbaycançılığın real gücə çevrildiyini, xalqı vahid amal ətrafında birləşdirmək qüdrətində olduğunu bir daha nümayiş etdirdi.
Sevil Mikayılova: Azərbaycançılıq ideologiyasının həyata keçirilməsi tarixi reallıqlardan doğan obyektiv zərurət kimi qəbul olunmalıdır
Deputat Sevil Mikayılova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyətinə geniş imkanlar yaradıldı, senzura ləğv olundu, jurnalistlərin və vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün əlverişli şərait formalaşdırıldı. Bu siyasət nəticəsində cəmiyyətdə sağlam tənqid mühiti, açıq dialoq və ictimai diskussiyalar üçün zəmin yarandı, bu isə demokratik dəyərlərin möhkəmlənməsində və hüquqi dövlət quruculuğunda mühüm rol oynadı.
Milli Məclini üzvü vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu azərbaycançılıq ideologiyası dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, müstəqil və suveren dövlətin formalaşmasında, həmçinin Azərbaycanın ümumi strateji inkişaf istiqamətlərinin müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edib.
“Heydər Əliyevin siyasi irsində azərbaycançılıq ideyası aparıcı istiqamətlərdən biri olub. O bu ideyanı yalnız bir şüar kimi deyil, həm də real siyasi və mədəni fəaliyyətin əsas dayağı kimi təqdim edib. Bu gün də onun əsasını qoyduğu ideologiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində xalqın birliyi, dövlətə və orduya sədaqəti, milli qürur və vətənpərvərlik hissləri – bütün bunlar azərbaycançılıq ideyasının canlı və təsirli təzahürüdür”, - deyə deputat qeyd edib.
Sevil Mikayılova əlavə edib ki, azərbaycançılıq ideyasının formalaşdırılması və təbliği sahəsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri əvəzolunmazdır:
“Onun uzaqgörənliyi və liderliyi nəticəsində azərbaycançılıq sadəcə ideoloji konsepsiya deyil, həm də real siyasi və ictimai gücə çevrilib. Heydər Əliyevin müəyyən etdiyi ideoloji xətt Azərbaycanın davamlı inkişafının təminatına, xalqın birliyinə və gələcəyinə xidmət edən təməl prinsiplərdən biridir. Bu baxımdan, azərbaycançılıq ideologiyasının həyata keçirilməsi günümüzdə də tarixi reallıqlardan doğan obyektiv zərurət kimi qəbul olunmalıdır”.
Fatma Yıldırım: Azərbaycançılıq ideologiyası müstəqil Azərbaycanın siyasi düşüncə sisteminin bünövrəsini təşkil edir
Deputat Fatma Yıldırım isə Bakıvaxtı.az-la söhbətində bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyası bu gün də müstəqil Azərbaycanın siyasi düşüncə sisteminin bünövrəsini təşkil edir. Onun sözlərinə görə, bu ideologiya bizim üçün yalnız bir siyasi konsepsiya deyil, eyni zamanda milli varlığımızın, kimliyimizin və birliyimizin əsas mənəvi dayağıdır.
Deputat vurğulayıb ki, azərbaycançılıq ideologiyası təkcə ölkə sərhədləri ilə məhdudlaşmır. Bu ideya dünya azərbaycanlıları üçün də əsas ideoloji platformaya çevrilib. Onun sözlərinə görə, Heydər Əliyev azərbaycançılıq ideologiyasını dilimizin, tariximizin, mədəniyyətimizin qorunması və gələcək nəsillərə ötürülməsi kimi fundamental dəyərlər üzərində qurdu. O, dəfələrlə qeyd edirdi ki, hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, öz millətinə və dövlətinə bağlı olmalıdır.
Fatma Yıldırım qeyd edib ki, bu ideologiyanın davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan regionda söz sahibi olan, güclü və nüfuzlu bir dövlətə çevrilib. Dövlətimizin başçısə azərbaycançılıq dəyərlərini XXI əsrin çağırışlarına uyğun şəkildə inkişaf etdirərək, siyasi, iqtisadi və mədəni sahələrdə milli maraqlarımızı qətiyyətlə qoruyur.
“Azərbaycançılıq ideologiyası milli həmrəyliyin təmin olunmasında, vətənə sədaqət hissinin gücləndirilməsində və dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayan əsas təməldir. Bu ideologiyanın yaşadılması və gələcək nəsillərə ötürülməsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur”,-deyə Fatma Yıldırım qeyd edib.
Mina Mikayılova
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb