EN

Bu gün Heydər Əliyevin anadan olmasından 102 il ötür

1923-cü il mayın 10-da Naxçıvanın ucqar kəndində sadə bir ailədə dünyaya gələn Ulu Öndər iradəsi, zəhməti və Vətənə sonsuz sevgisi ilə siyasət zirvələrinə yüksəlib.

Naxçıvandan başlayan yol Kremlədək gedib çıxıb. Yüksək dövlət vəzifələrində çalışmasına baxmayaraq, Ulu Öndər dəbdəbədən uzaq, milli-mənəvi dəyərlərə bağlı, təvazökar bir həyat sürüb. Onun ömür-gün yoldaşı, görkəmli alim Zərifə xanım Əliyeva ilə birgə qurduğu ailə modeli sadəlik, vətənpərvərlik və mənəviyyat üzərində formalaşıb.

Ulu Öndər Heydər Əliyev 1969-cu ildən başlayaraq çiyinlərində Azərbaycan Respublikasının bütün yükünü daşıyırdı. İşinin çoxluğuna baxmayaraq, ailəsinə də vaxt ayırırdı. Ailə albomundakı bəzi fotolar uzaq keçmişə aiddir. Biz bu fotolarda onu ömür-gün yoldaşı Zərifə xanımın yanında, övladları İlham və Sevilin, gəlini Mehriban xanımın, nəvələri Leyla, Arzu və Heydərin əhatəsində görürük.

Bu tarixi fotolar sanki dilə gələrək Ulu Öndər Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ata, mehriban baba olduğundan danışır.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən biri də Prezident İlham Əliyev kimi uzaqgörən, dövlətə və millətə sədaqətli bir Lider yetişdirməsidir. Ata və oğulun birlikdə çəkilmiş fotolarından birində onların yanaşı dayanaraq uzaq üfüqlərə baxdıqları an əbədiləşdirilib. Bu sadə, lakin mənalı görüntü sanki zamanın arxasından bugünkü modern, güclü və suverenliyini bərpa etmiş Azərbaycanın rəsmini çəkir.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təməlləri üzərində Prezident İlham Əliyevin liderliyi ilə inşa edilən bu yeni Azərbaycan ulu bir irsin davamı və Zəfərlə taclanmış müstəqilliyin parlaq təcəssümüdür.

Ötən əsrin 60-cı illərində Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri idi. Bu xoşagəlməz vəziyyət Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumunda Heydər Əliyev birinci katib seçiləndən sonra dəyişməyə başladı, onun hakimiyyətə gəlişi ilə həyat ritmi də büsbütün dəyişdi.

Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Bakıda o dövr üçün nadir müəssisələr, paytaxtımıza bu gün də yaraşıq verən binalar tikildi, böyük yaşayış massivləri salındı, kənd təsərrüfatı məhsulları istehsalı dəfələrlə artdı. Bunun nəticəsində əhalinin güzəranı da yaxşılaşdı.

Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyi fəlsəfəsinin mərkəzində xalq dayanırdı. O, ölkənin bütün bölgələrinə mütəmadi səfərlər edir, zəhmət adamları ilə birbaşa təmasda olur, onların gündəlik həyatda üzləşdiyi problemləri şəxsən dinləyir və dərhal həll yolları axtarırdı. Görkəmli dövlət xadimi Heydər Əliyev üçün hər bir insanın fikri, zəhməti, qayğısı dəyərli idi. Aşağıda təqdim olunan fotolar bizi həmin unudulmaz illərə – Ulu Öndərin xalq arasında olduğu, onun hər kəslə bir ailə başçısı kimi maraqlandığı günlərə qaytarır. Bu fotoşəkillər təkcə tarixi sənəd deyil, həm də milli yaddaşımızın canlı parçasıdır.

Ümummilli Lider Heydər Əliyev 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Özünün vəzifə səlahiyyətlərindən istifadə edərək, İttifaq əhəmiyyətli bəzi layihələri Bakıya yönəltdi. Coşqun fəaliyyəti, yüksək təşkilatçılıq bacarığı onu bütün ittifaq miqyasında məşhurlaşdırdı.

Ulu Öndər Heydər Əliyevin SSRİ miqyasında artan nüfuzu və nümunəvi dövlətçilik fəaliyyəti bəzi dairələrdə narahatlıq doğururdu. Xüsusilə də Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən sonra Kreml rəhbərliyində Ulu Öndərə qarşı paxıllıq və qısqanclıq hissləri açıq şəkildə özünü büruzə verdi. Baş katiblə aralarındakı ciddi fikir ayrılığı nəticəsində Ulu Öndər Heydər Əliyev 1987-ci ildə tutduğu yüksək vəzifələrdən istefa verdi.

Lakin bu istefa onun siyasi fəaliyyətinin sonu deyil, yeni mərhələsinin başlanğıcı oldu. Doğma Vətənin başı üzərini qara buludlar alanda, milli fəlakətlər bir-birini əvəz edəndə xalqının çağırışına səs verərək Azərbaycana qayıtdı. Lakin o dövrdəki respublika rəhbərliyi Ulu Öndərin Bakıya dönməsindən narahat olaraq onun qarşısını kəsməyə çalışdı. Buna baxmayaraq, Ümummilli Lider Heydər Əliyev mübarizədən çəkilmədi və doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Həmin vaxt çəkilmiş fotoşəkillərdə dahi rəhbərin Naxçıvan həyatının bəzi məqamları əks olunub.

Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri seçilən Heydər Əliyev bu bölgəni erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Yetmiş ildən sonra ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızı ucaltdı.

Ötən əsrin 90-cı illərində respublikada xaos və anarxiya hökm sürürdü, müstəqilliyi itirmək təhlükəsi yaranmışdı. Belə ağır bir dönəmdə xalq Ulu Öndəri köməyə çağırdı. 1993-cü il iyunun 9-da onu Bakıya gətirən təyyarə Binə Hava Limanına eniş etdi. Xalq öz xilaskarını böyük ümid və sevgi ilə qarşıladı.

1993-cü il, 15 iyun. Tariximizə Dirçəliş Günü kimi yazılan həmin gün Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, xalqın taleyi üçün məsuliyyəti və xilaskarlıq missiyasını çiyinlərinə götürdü. İki dövlət çevrilişi cəhdinin, bir çox təxribatların qarşısını alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi. Ulu Öndərin cəbhə bölgəsində əsgər və zabitlərlə görüşləri Ordumuzun döyüş ruhunu daha da artırdı.

1994-cü il sentyabrın 20-də Azərbaycanın sosial-iqtisadi inkişafının başlanğıc nöqtəsi olan “Əsrin müqaviləsi” imzalandı. Ulu Öndərin digər mühüm layihəsi Bakı-Tbilisi-Ceyhan neft kəməri oldu. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngindir. Fotoşəkillər həmin tarixi günləri də özündə yaşadır. Hər bir görüntü Azərbaycanın müstəqil və güclü dövlətə çevrilməsi prosesində Ulu Öndərin oynadığı həlledici rolu bir daha göz önünə gətirir.

Qarabağın düşmən tapdağından azad edilməsi Ulu Öndərin ən böyük arzusu idi. Bu müqəddəs arzu 2020-ci ilin noyabrında gerçəkləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Ordumuz 30 il davam edən işğala 44 gündə son qoydu. Eləcə də uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltması tariximizə daha bir unudulmaz hadisə kimi yazıldı. Yaranmış yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi və Qazaxın dörd kəndinin azad olunması düşünülmüş siyasətin səmərəli nəticələridir.

Doğrudan da bu gün Ulu Öndərin ruhu şaddır. Onun illər boyu qurduğu möhkəm təməllər, düşünülmüş siyasət və milli həmrəylik sayəsində Azərbaycan öz tarixi ədalətini bərpa etdi. İllərlə düşmən tapdağında qalan yurd yerlərimiz azad olundu, torpaqlarımızın ərazi bütövlüyü təmin edildi. Ulu Öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mühüm prosesdə sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirirlər.

İşğaldan azad olunmuş bölgələrdə zəruri infrastruktur obyektləri ilə yanaşı, yaşayış kompleksləri, məktəblər, tibb müəssisələri sürətlə inşa olunur, yenilərinin təməli qoyulur. Bu, Böyük Qayıdış prosesinin nə qədər planlı, strateji və davamlı xarakter daşıdığını göstərir. Artıq yüzlərlə ailə doğma yurda qayıdıb, növbəti üç ildə isə 140 min insanın həmin torpaqlara köçürülməsi planlaşdırılır. Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi, bu torpaqlarda həyatın yenidən canlanması təkcə fiziki deyil, həm də mənəvi qayıdışın təntənəsidir. Bu möhtəşəm bərpa və inkişaf missiyasının təməlində isə Ulu Öndər Heydər Əliyevin ideyaları və milli inkişaf strategiyası dayanır. Azərbaycan tarixinin Ümummilli Lider Heydər Əliyev zirvəsi illər ötdükcə daha uca görünür, daha aydın dərk olunur.

***

Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabandakı abidəsi əbədiyyət simvoluna və ziyarətgaha çevrilib.

Hər il mayın 10-da və dekabrın 12-də Fəxri xiyabanda böyük izdiham yaşanır. On minlərlə insan Ulu Öndərin abidəsi önündən keçərək onun əziz ruhu qarşısında baş əyir.

Chosen
0
2
anspress.com

3Sources