Superliqada çempionluq şansı möcüzələrə qalan ''Fənərbaxça''da prezidenti Əli Koç bu günlərdə ''TRT Spor''un canlı yayınında yeni mövsümün planlaşdırması haqda danışarkən ''mövcud heyətimizi birbaşa start heyətində oynaya biləcək 4 dünya ulduzu ilə gücləndirəcəyik'' ifadəsini işlətdi.
"Football-plus.az" xəbər verir ki, Türkiyə mətbuatı həmin ulduzların adlarını açıqlayıb.
İlk növbədə dünyaca ünlü bir qapıçı alınacaq. Əsas namizəd yayda ''Mançester Siti''dən ayrılacağı gözlənilən Edersondu. Braziliya yığmasına da dəvət alan 31 yaşlı əlcək sahibi bu mövsüm 34 rəsmi matçın 10-da qapısını toxunulmaz saxlayıb və 47 qol buraxıb.
Əli Koç verilişdə Milan Şkrinyarın liderlik keyfiyyətlərini ön plana çıxararaq onun kimi futbolçuları transfer etməyə çalışacaqlarını dedi. Bu da o deməkdi ki, ''Fənər'' Şkrinyarı daimi əsasda transfer etmək üçün PSJ ilə danışıqlar aparacaq. Ancaq bu keçidi rəsmiləşdirmək asan olmayacaq. Çünki Şkrinyara təkliflər çoxdu. PSJ də bunu fürsət bilərək ''Fənər''dən ən azı 15 milyon avro tələb edir. Amma İstanbul nəhəngi parislilərə maksimum 10 milyon avro təklif edəcək.
İcarə əsasında çıxış edən digər futbolçu - Alan Sen-Maksimen ilə yollar ayrılacaq və vinger mövqeyinə də dünyaca ünlü bir ulduz transfer ediləcək. Bu mövqe üçün önə çıxan isim ''Tottenhem''li Son Hın Mindi. Cari mövsümü əvvəlki illərlə müqayisədə bir qədər zəif keçirən və bəzi matçlarda ehtiyatda qalan cənubi koreyalı ulduz 43 rəsmi oyunda 11 qol, 12 məhsuldar ötürmə ilə fərqlənib. Onun londonlularla birillik müqaviləsi qalıb.
Planlaşdırılan 4-cü ulduz isə mərkəz hücumçusudu. Söhbət Duşan Vlahoviçdən gedir. Zatən ''Fənər'' çoxdandı, bu futbolçuya ciddi maraq göstərir. "Sarı-lacivərdlilər'' Ən-Nəsiri ilə vidalaşıb məhz serbiyalı ulduzu transfer etmək istəyirlər. ''Yuve'' ilə hələ birillik müqaviləsi qalan Vlahoviç bu mövsüm 38 rəsmi oyunda 14 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.
''Fənər'' alternativ variant kimi ''Lill''də çıxış edən Conatan Devidi də diqqət mərkəzində saxlayır. Ancaq yayda sərbəst futbolçuya çevriləcək kanadalı vingerə maraq göstərən klublar çoxdu. 25 yaşlı Devid bu mövsüm ''Lill''də 47 rəsmi oyunda 25 qol, 12 məhsuldar ötürməlik diqqətçəkən performans sərgiləyib.