EN

Hindistanın aparıcı turizm şirkətləri Azərbaycana və Türkiyəyə səfərləri dayandırdı – TƏFƏRRÜAT

Hindistandafə aliyyət göstərən bir neçə aparıcı turizm şirkəti Azərbaycan, Türkiyə və Özbəkistana turistik səfərləri dayandırdığını elan edib. Buna səbəb, bu ölkələrin Hindistanla hərbi gərginlik yaşayan Pakistana açıq dəstək verməsi olub.

KONKRET.az xəbər verir ki, Hindistan ictimaiyyətində sosial şəbəkələrdə bu ölkələrə qarşı çağırışlar sürətlə yayılıb. Əvvəl fərdi təşəbbüslər şəklində başlanan narazılıq sonradan turizm sektorunda geniş miqyaslı boykota çevrilib.

İlk reaksiya Hindistanın nüfuzlu turizm şirkətlərindən biri olan Cox & Kings-dən gəlib. Şirkətin direktoru Karan Agarval bildirib:

“Son hadisələr fonunda biz Azərbaycan, Türkiyə və Özbəkistana yeni turizm paketlərini dayandırmaq qərarına gəldik. Bu, bizim prinsiplərimizə və ölkəmizin maraqlarına sadiqliyimizlə bağlıdır.”

EaseMyTrip şirkətinin qurucusu Nişant Pitti də oxşar açıqlama ilə çıxış edib. O qeyd edib ki, 22 aprel 2025-ci ildə baş verən Pahalgam terror aktı və 7 mayda Hindistanın başladığı “Sindura” əməliyyatından sonra Pakistanın yanında yer alan ölkələrə səfərlərin məhdudlaşdırılması tövsiyə olunur:

“Türkiyə və Azərbaycanın bu məsələdəki mövqeyi bizi narahat edir. Şirkət olaraq müştərilərimizin təhlükəsizliyi bizim üçün birinci yerdədir.”

Digər tanınmış şirkətlər — Travomint, Pickyourtrail.comGo Homestays də eyni addımı atıb. Pickyourtrail.com-un həmtəsisçisi Hari Qanapati bildirib:

“Bu qərar xalqlara deyil, siyasi mövqeyə yönəlib. Biz Hindistan vətəndaşlarının təhlükəsizliyinə cavabdehik.”

Go Homestays isə Turkish Airlines ilə əməkdaşlığını tamamilə dayandırdığını açıqlayıb.

Turizm zərbəsi: Bakı və İstanbul Hindistan bazarını itirirmi?

2024-cü ildə Azərbaycana 240 mindən çox, Türkiyəyə isə 330 mindən artıq Hindistan vətəndaşı səfər edib. Asan vizalar və əlverişli coğrafi mövqe Bakı və İstanbul şəhərlərini Hindistanlı turistlər üçün cəlbedici istiqamətlərə çevirib.

Lakin turizm sahəsində mümkün iqtisadi itkilərə baxmayaraq, Azərbaycan və Türkiyə xarici siyasət prioritetlərini dəyişmək niyyətində deyil. Analitiklərin fikrincə, bu təzyiqlər Bakının və Ankaranın strateji tərəfdaşlıq münasibətlərinə təsir etməyəcək.

Azərbaycanın Pakistana dəstəyi uzun illərə dayanır. İslamabad, xüsusilə Qarabağ məsələsində həmişə Bakının mövqeyini dəstəkləyib. 2020-ci ilin 44 günlük Vətən müharibəsində də Pakistan açıq şəkildə Azərbaycanın yanında olub. Üstəlik, Pakistan bu günə qədər Ermənistanla diplomatik münasibət qurmayıb.

Bakı, Ankara və İslamabad arasında formalaşan üçtərəfli əməkdaşlıq platforması – Azərbaycan–Türkiyə–Pakistan strateji ittifaqı, qarşılıqlı etimada və regional təhlükəsizlik maraqlarına əsaslanır. Bu birlik turizm sektorundakı iqtisadi itkilərə baxmayaraq, dəyişməz qalacaq.

Natiq Səlim,
KONKRET.az

Chosen
0
konkret.az

1Sources