EN

Azərbaycanla Vyetnam arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub

Mayın 7-də Azərbaycan və Vyetnam arasında münasibətlər yeni strateji mərhələyə qədəm qoydu. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə imzalanan “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” və müxtəlif sahələri əhatə edən digər çoxsaylı fundamental sənədlər tərəfdaşlığın konkret hədəflərini və prioritet istiqamətlərini, qarşılıqlı faydalı əməkdaşlığın geniş üfüqlərini müəyyənləşdirdi.
Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə  SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.
Xatırladaq ki, Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama səfər etməsi, müharibədən sonra ölkənin bərpasında və quruculuq işlərində Vyetnam xalqına dəstək verməsi bu gün də Vyetnam xalqında minnətdarlıqla xatırlanır. Ötən əsrdə Azərbaycan vyetnamlı mütəxəssislərin yetişdirilməsində də xüsusi rol oynayıb. Bakıda təhsil alan 2 mindən çox vyetnamlı tələbə müxtəlif sahələrlə yanaşı, Azərbaycanın neft hasilatı və emalı üzrə zəngin təcrübəsini öyrənərək Vyetnamda neft sənayesinin formalaşdırılmasında tətbiq ediblər. Sadalananlar Azərbaycan ilə Vyetnam arasında böyük dostluq körpüsünün təməlinin qurulmasında əhəmiyyətli rol oynayıb.
Qeyd edilməlidir ki, energetika sahəsində əməkdaşlıq uzun illərdir ki, Azərbaycan-Vyetnam münasibətlərinin ənənəvi, aparıcı və eyni zamanda böyük perspektivlərə malik olan prioritet istiqamətlərindən biridir. Səfər zamanı “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması bu vacib sahədə daha geniş imkanlar və üfüqlər açır. Azərbaycan Dövlət Neft Şirkətinin beynəlxalq ticarət əməliyyatlarını həyata keçirən qolu olan “SOCAR Trading SA”nın Vyetnamın əsas neft emalı müəssisəsi “Dung Quat” neft emalı zavodu ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı uğurla və dinamik şəkildə davam etməkdədir. Rəsmi məlumatlara görə, 2010-cu ildən 2025-ci il yanvar ayının sonuna qədər “SOCAR Trading Singapore” tərəfindən “Dung Quat” NEZ-ə ümumilikdə təxminən 31,7 milyon barel həcmində yüksəkkeyfiyyətli 35 partiya xam neft tədarük edilmişdir ki, bu da təxminən 2,55 milyard ABŞ dolları dəyərində olan 4,34 milyon ton neftə bərabərdir.
Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi də hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması hərbi təhsil, birgə təlimlər, hərbi-texniki əməkdaşlıq, mütəxəssis və təcrübə mübadiləsi, eləcə də kibertəhlükəsizlik kimi aktual məsələlərdə yeni perspektivlər və imkanlar açır. Hüquq və ədliyyə sahəsində isə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üçün nəzərdə tutulan Əməkdaşlıq Proqramı”, qanunvericilik bazasının təkmilləşdirilməsi, məhkəmə-hüquq islahatları və hüquq kadrlarının hazırlanması sahəsində qarşılıqlı faydalı təcrübə mübadiləsinə geniş imkanlar yaradacaq. Müasir dövrün tələblərinə cavab verən elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf sahəsində imzalanmış Anlaşma memorandumları yüksək texnologiyalar parklarının yaradılması, süni intellektin tətbiqi, rəqəmsal transformasiya və startap ekosistemlərinin inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsini əhəmiyyətli dərəcədə stimullaşdıracaq.
Mədəniyyət sahəsində əməkdaşlıq da Azərbaycan-Vyetnam münasibətlərində dinamik mərhələyə qədəm qoyur. Bu istiqamətdə imzalanan Anlaşma Memorandumu iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin, incəsənət sərgilərinin, musiqi və folklor festivallarının müntəzəm keçirilməsi, teatr və musiqi kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin təşkili, kitab tərcüməsi və nəşriyyat işinin canlandırılması, eləcə də turizm potensialının daha səmərəli istifadəsi üçün əlverişli imkanlar yaradır.
Vyetnamın beynəlxalq və regional nəqliyyat dəhlizlərinə, xüsusilə də Şimal-Cənub və Şərq-Qərb kimi strateji əhəmiyyətli layihələrə olan marağı da xüsusi olaraq qeyd edilməlidir. Hind okeanı və Cənubi Çin dənizi vasitəsilə İran İslam Respublikası üzərindən Azərbaycana və daha sonra Rusiya Federasiyasına, eləcə də Qara dəniz və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxış əldə etmək imkanları, həmçinin Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Avropa marşrutu üzrə həyata keçirilən daşımalar Vyetnam üçün böyük iqtisadi və logistik cəlbediciliyə malikdir. Azərbaycanın son illərdə sürətlə inkişaf edən müasir tranzit potensialı, əlverişli coğrafi mövqeyi və modernləşdirilmiş nəqliyyat infrastrukturu dəhlizlərinin səmərəliliyini və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.

Tufan Məmmədov – iqtisadçı ekspert

Chosen
0
veteninfo.az

1Sources