Bununla bağlı təhsil eksperti Elmin Nuri Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, ixtisas qrupları arasında kəmiyyət baxımından əsas rəqabət 1-ci və 3-cü ixtisas qrupları arasında olub:

“1-ci ixtisas qrupu üzrə keçid ballarının bir çox ixtisasa nisbətən aşağıdır. Bu da xüsusilə oğlan abituriyentlərin marağını cəlb edib. Bundan əlavə, 1-ci ixtisas qrupuna aid olan ixtisasların çoxluğu da bu qrupa olan marağı artıran əsas səbəblərdəndir. 3-cü ixtisas qrupu isə daha çox pedaqoji ixtisaslarla əlaqəlidir və illərlə yüksək müraciət sayı ilə seçilib. Lakin son illərdə bu sahədə plan yerlərinin azalması müraciətlərin sayında da azalmaya səbəb olub. Dövlət İmtahan Mərkəzinin 3-cü alt qrup beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları üçün yaratması 3-cü qrupa marağı nisbətən artırsa da, 1-ci ixtisas qrupunda yaradılan Rİ alt qrupu (Riyaziyyat-İnformatika) daha geniş imkanlar təqdim edir. Bu alt qrupun əhatə etdiyi sahələr kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi aiddir”.
Ekspert diqqətə çatdırıb ki, bu qrup çağdaş dövrün tələbatına uyğun olduğuna görə ciddi maraq doğurur:
“Buna görə də, 1-ci ixtisas qrupuna müraciət edənlərin sayı bu il 31137 nəfərə çatıb. Müqayisə üçün, 3-cü qrupa 28170 nəfər müraciət edib. Burada əsas fərq 1-ci qrupun müraciət sayının artmasından çox, 3-cü qrupda müraciətlərin azalması ilə əlaqəlidir. Hətta 2-ci qrupla 3-cü qrup arasındakı fərq cəmi 2.200 nəfər civarındadır. Bu il 2-ci qrupa müraciət çoxdur. Nəticə olaraq, 1-ci ixtisas qrupu, xüsusən də Rİ alt qrupu üzrə ixtisasların plan yerlərinin artması və bu sahələrin əmək bazarında yüksək tələbatı səbəbilə kəmiyyət baxımından lider mövqeyini daha da möhkəmləndirəcək”.
Leyla Turan
Demokrat.az