Qusar rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əvvəlcə Qusar şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, dahi şəxsiyyətin xatirəsi yad edilib.
Qusar Rayon Mərkəzi Xəstəxanasında baş tutan tədbirdə Ulu Öndərin şərəfli həyat yolu, xalqın və dövlətinin rifahı naminə misilsiz xidmətləri haqqında geniş tərkibdə çıxışlar edilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri David İbramxəlilov, Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev və digər natiqlər Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın tərəqqisindəki rolundan və bu ideologiyanın ölkə rəhbəri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açıblar.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu