EN

Qüdrətli Azərbaycan mükəmməl siyasətin bəhrəsidir

"...Azərbaycan həm tam müstəqil demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq...".Heydər Əliyev, Azərbaycan xalqının Ümummilli Lideri.Azərbaycançılıq carçısıHər bir xalqın müəyyən əlverişli məqamda milli-etnik soykökünə qayıdışı, tarix boyu əxz etdiyi milli-mənəvi dəyərlər və təfəkkür tərzi sisteminə söykənən özünəməxsusluğunu bərpa və bəyan etməsi əsasən lider fenomeninin fövqəladə missiyası ilə şərtlənir. Azərbaycan xalqı ilə bağlı bu şərəfli missiyanı məhz millətin böyük oğlu Heydər Əliyev həyata keçirmişdir. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə tarixi ənənə və soykökünün təməl prinsipləri üzərində milli məfkurənin formalaşması və tərəqqisi naminə müstəsna xidmətlər göstərmiş, milli şüurun düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumuşdur. Bu isə millətin bir xalq kimi formalaşması prosesində, təkamülündə və monolitliyində aparıcı amil olmaqla yanaşı, həm də xalqın müdrik rəhbərin ətrafında birləşməsinə milli birliyin yaranmasına rəvac vermişdir.XX əsrin 60-cı illərinin əvvəllərində ölkəmizin əksər göstəriciləri aşağı, həmçinin sənaye potensialı zəif olduğu üçün Azərbaycan Sovet İttifaqında geridə qalmış kənd təsərrüfatı respublikası kimi qəbul edilirdi. Bu acınacaqlı vəziyyətdən çıxmaq üçün xalqa əsl rəhbər ola biləcək şəxsiyyətə böyük ehtiyac yaranmışdı. Belə bir məqamda Tanrı xalqımıza vətənpərvər insan göndərdi. 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi və digər maneələrə sinə gərərək milli özünüdərk üçün bütün mümkün tədbirləri həyata keçirməyə başladı. Xalqın şanlı keçmişini, soykökünü qaytarmaq, milli adət-ənənələrini yaşatmaq, habelə zəngin mədəniyyətini, incəsənətini, eləcə də ana dilini inkişaf etdirmək üçün ölçüyəsığmaz işlər görən böyük şəxsiyyət ictimai şüurdakı qorxunu, tərəddüdü aradan qaldırmağa, cəmiyyəti bütün sahələr üzrə inkişafa ruhlandırmağa, azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya burulğanında boğulmasının qarşısını qətiyyətlə almağa müvəffəq oldu. Azərbaycan dilini azərbaycançılığın başlanğıc məqamı, ən mühüm cəhəti, təməl prinsipi hesab edən ümummilli lider Heydər Əliyev kosmopolit ideyaların hökm sürdüyü bir dövrdə milli məfkurənin qorunub saxlanılması istiqamətindəki fəaliyyətində ana dilinin inkişaf etdirilməsi sahəsində bir sıra mühüm işlər görmüşdür. Müdrik lider yəqin bilirdi ki, xalqa milli-mənəvi dəyərləri aşılamaq üçün ona ilk növbədə öz dilini qaytarmaq və sevdirmək lazımdır. Rus dilinin dövlət dili olmasına rəğmən, rəsmi çıxışlarının əksəriyyətində Azərbaycan dilində nitq söyləyən ulu öndər bütün rəhbər vəzifəlilərdən də bunu tələb edirdi. Onun rəsmi partiya tədbirlərində ana dilində nitqləri həmin vaxtadək heç vaxt işlənməmiş milli siyasi ədəbi dil üslubunu yaratmaqla bərabər, böyük tarixi məna kəsb edirdi. Fədakar insanın ilk dəfə hakimiyyətə gəlişi ilə başlanan milliləşmə prosesini məhz həmin nitqlərin təsiri daha da sürətləndirirdi. Dahi liderin yazıçılar, şairlər və sənət adamları ilə görüşəndə də yeni bir elmi-ədəbi üslubda danışması, onun zəngin ana dilinin söz imkanlarının bütün çalarlarına zərgər dəqiqliyi ilə bələd olduğunun göstəricisi idi. Ümummilli liderin gözəl nitqi ədibləri, şairləri, hətta ədəbiyyatçı alimləri belə heyran qoyurdu. O dövrdə yaşayan şairlərdən biri Heydər Əliyevə xitabən "Yoldaş Əliyev, Siz Azərbaycan dilində çox gözəl danışırsınız" deyəndə, hazırcavab insan ona belə cavab vermişdi: "Sən niyə mənim rus dilində səlis danışmağıma deyil, Azərbaycan dilində gözəl danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, bu dili bilmək mənim, eləcə də hər bir azərbaycanlının müqəddəs borcudur!".1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən müxtəlif ciddi maneələrə baxmayaraq, Azərbaycan dilinin bu ali hüquqi aktda ana dili kimi təsbit olunması da cəsarətli liderin qətiyyətli mübarizəsinin nəticəsi idi. Bundan sonra hüquqi əsas yarandığı üçün ana dilini inkişaf etdirmək, bu dildə elmi və bədii yaradıcılığı genişləndirmək, televiziya, mətbuat, radio, kino, teatr quruculuğunda milli dilin tətbiqini artırmaq daha asan oldu. Məhz ümummilli liderin təşəbbüsü və onun himayəsi ilə xalqımızın tarixini, adət-ənənələrini, qəhrəmanlıq keçmişini əks etdirən mövzularda filmlər çəkilməyə başlanıldı. Təsadüfi deyildir ki, "Nəsimi", "Babək", "Dəli Kür" və bu kimi filmlər gənclərin milli ruhda tərbiyəsində, gələcəkdə onların kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük rol oynadı. Bununla da Heydər Əliyev xalqımızın milli mənlik şüurunun alovlanmasına təkan verməklə bərabər, məqsədyönlü tədbirlər hərtərəfli islahatlar həyata keçirməklə respublikamızı qısa müddətdə sürətlə inkişaf etdirdi. Bütün bunların nəticəsində Azərbaycan geridə qalmış kənd təsərrüfatı respublikasından aqrar-sənaye respublikasına çevrildi, bir çox cəhətdən özünü tam təmin edən və Ümumittifaq büdcəsinə töhfələr verən iki respublikadan biri olmaqla Sovet İttifaqında ön sıraya keçərək öz layiqli yerini tutdu. Əzmkar insanın böyük zəhmət hesabına ardıcıl olaraq zirvələri fəth etməsi, yüksək vəzifələr tutması, ali dövlət mükafatlarına layiq görülməsi, habelə bilavasitə onun sayəsində xalqımızın çoxsaylı elm, mədəniyyət, incəsənət xadimlərinə və digər ziyalılarına Sovetlər İttifaqının fəxri adlarının və mükafatlarının verilməsi millətimizi nə qədər qürurlandırırdısa, tarixi düşmənlərimiz olan erməniləri bir o qədər mütəəssir edir və qıcıqlandırırdı. Bununla belə, mənfur düşmənlər ilk vaxtlar bunu büruzə vermir, özlərinə xas olan riyakarlıqla vəziyyətdən çıxırdılar. 1982-ci ildə ulu öndərimizin İttifaq rəhbərliyinin ən yüksək postlarından birinə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi və Mərkəzi Komitənin Siyasi Bürosuna üzv seçilməsi isə ermənilər üçün növbəti sarsıdıcı zərbə oldu, onları daha da hiddətləndirdi. Yeni vəzifənin də öhdəsindən məharətlə gələn dahi lider Heydər Əliyevin şöhrəti artdıqca, ölkə rəhbərliyinin yüksək eşalonunda əyləşənlərin də ona qarşı qısqanclıq hissləri güclənirdi və bu ermənipərəst Qorbaçovun hakimiyyətə gəlişindən sonra özünü daha aydın büruzə verirdi. Bu məqamdan istifadə edən ermənilər onun vəzifədən uzaqlaşdırılması planını işə salaraq bu prosesə erməni lobbisini də cəlb etdi. Təlatümlü həyatı ilə vətənimizə və xalqımıza rifah bəxş edən Heydər Əliyev belə bir məqamda doğma azərbaycanlılar sırasında xalq, vətən təəssübkeşli mütərəqqi insanların rəğbəti və ehtiramı ilə bərabər, əfsuslar olsun ki, xəbis, cılız, paxıl, riyakar insanların iftiraları ilə də üzləşdi. Belə vəziyyətdə də Heydər Əliyev 1987-ci ilin oktyabrında vəzifədən istefa vermək qərarını qəbul etdi.Xalqın hamisiÜmummilli liderin rəhbərlikdən getməsindən istifadə edən erməni millətçiləri bir neçə gündən sonra Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək məsələsini qaldırdılar. Ardınca Ermənistanda və Xankəndidə fasiləsiz mitinqlər başladı. Azərbaycanın ozamankı rəhbərliyi bu təxribatların qarşısını almaqda aciz olduğundan sözügedən məsələ böyük bir problemə çevrildi. Bir tərəfdən ölkədə yaranmış özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında olan inamsızlıq, digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ölkəmiz üçün ciddi çətinliklər yaradırdı. Bütün bunlar isə Qanlı Yanvar qırğınına və xalqımızın soyqırımı ilə müşayiət olunan tarixi torpaqlarımızın işğal olunmasına yol açdı. Sözsüz ki, o dövrdə ümummilli lider hakimiyyətdə olsaydı, bu hadisələrin heç biri baş verməzdi. Hər kəsə məlumdur ki, həmin faciə baş verənə qədər Heydər Əliyevin yenidən fəal siyasətlə məşğul olmaq fikri yox idi. Ancaq baş verənlərə biganə qala bilməyən vətənpərvər şəxsiyyət sağlamlığını və hətta həyatını belə təhlükəyə ataraq, heç nədən və heç kəsdən çəkinmədən 1990-cı ilin sərt qış günündə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək respublikada 20 Yanvar faciəsini törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən son dərəcə cəsarətli və qətiyyətli bəyanatla çıxış etməklə Azərbaycan xalqının yanında olduğunu bildirdi. Bundan sonra ona qarşı təzyiqlər, təxribatlar kampaniyası geniş vüsət aldı və hətta onu həbs etmək istəsələr belə, o buna məhəl qoymadan Azərbaycana üz tutdu. Bakıda yaşamağına imkan verilmədiyini və doğulub boya-başa çatdığı Naxçıvanın təhlükədə olduğunu görən Heydər Əliyev ora gedərək Naxçıvanı və əhalisini qorudu. Belə ki, həmin vaxt məkrli niyyətləri, həmçinin Naxçıvanın işğalına yönələn ermənilərin bu çirkin istəklərini ürəklərində qoyan aqil rəhbər Naxçıvanı və naxçıvanlıları müdafiə edir və ardınca müstəqilliyin bərpa edilməsi üçün həlledici addımlar atmağa başlayır. SSRİ-nin mövcud olduğu bir dövrdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin ulu öndərin sədrliyi ilə keçən 17 noyabr 1990-cı il tarixli sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisində dövlət rəmzi elan olunur və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında Azərbaycan Respublikasının Ali Soveti 5 fevral 1991-ci ildə üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edir. Bununla bərabər, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "sovet sosialist" sözləri çıxarılır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1992-ci ilin noyabrında siyasi platforması Azərbaycanın rifahından, firavan gələcəyindən xəbər verən Yeni Azərbaycan Partiyası yaradılır. Müxalifət partiyası kimi yaradılmış Yeni Azərbaycan Partiyası düzgün fəaliyyəti, bilavasitə milli maraqlara və xalqa xidməti ilə qısa zamanda iqtidar partiyasına çevrildi. Zaman göstərdi ki, ulu öndər Heydər Əliyev təkcə Yeni Azərbaycan Partiyasını yaratmadı, sözün əsl mənasında Yeni Azərbaycanın özünü yaratmağa müvəffəq oldu. Yeri gəlmişkən, qeyd olunmalıdır ki, hazırda bu partiya nəinki Azərbaycanda, həmçinin Cənubi Qafqazda ən böyük siyasi qurumdur.XilaskarSSRİ-nin süqutu ilə əlaqədar yaranmış tarixi şəraiti düzgün qiymətləndirən, xalqımız ötən əsrin sonlarında ikinci dəfə öz müstəqilliyinə qovuşsa da, AXC-Müsavat iqtidarı təmsilçilərinin ambisiyaları və səriştəsizlikləri çox qısa müddətdə müstəqilliyimizi uçurumun kənarına gətirib çıxardı. Müstəqilliyimizin ilk illərində siyasi çəkişmələr ölkə həyatını iflic edir, müharibə aparan, işğala məruz qalan dövlətdə vahid komandanlığa tabe ordu olmadığından silahlı qüvvələr ayrı-ayrı şəxslərin əlində alətə çevrilir, iqtisadiyyat tənəzzülə uğrayır, respublikada vətəndaş həmrəyliyi pozulur, hətta ölkədə "qardaş qanı" axıdılır və vəziyyət ADR-in acı taleyinin təkrarlanması, ikinci dəfə qazanılan müstəqilliyin də itirilməsi təhlükəsi həddinə çatır. Belə bir çətin şəraitdə dövlətçilik ənənələrinə böyük önəm verən xalq doğru seçim edərək ümummilli lider Heydər Əliyevi israrlı tələblə müstəqil Azərbaycanın rəhbərliyinə dəvət edir. Azərbaycanını və xalqını özündən çox sevən ulu öndər bütün təhlükələri göz altına almaqla, heç birinə məhəl qoymadan xalqın çağırışını qəbul edərək 9 iyun 1993-cü il tarixdə Naxçıvandan Bakıya gəlir və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilir. Bir müddət sonra Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan dünyaşöhrətli siyasətçi Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilir. Sağlam təfəkkürlü hər bir Azərbaycan vətəndaşı yaxşı dərk edir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən həmin anda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, nəinki bugünkü qüdrətli Azərbaycan olmazdı, ümumiyyətlə onun mövcudluğu şübhə altına düşə bilərdi. Dahi lider ölkəni böhran vəziyyətindən, müstəqilliyini itirmək təhlükəsindən xilas etmək üçün müdrik siyasəti ilə qısa müddət ərzində vətəndaş qarşıdurmasının və müharibənin dayandırılmasına nail olmaqla Azərbaycanda sabitliyin bərpasını təmin etdi. Bu da böyük islahatların başlanmasına rəvac verdi. Beləliklə, ölkəsini olduqca ağır vəziyyətdən yüksək məharətlə çıxarmış ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə hərtərəfli islahatlara başlanıldı.Qüdrətlənən AzərbaycanDahi rəhbərin müəyyən etdiyi bütün sahələrdə islahatlar aparmaq yolu ilə ölkə iqtisadiyyatını inkişaf etdirmək və mövcud iqtisadi potensialdan istifadənin səmərəsini artırmaqla onu xalqın bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək kimi bir-birini tamamlayan iki istiqamət respublikanın müasir inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli olmaqla, Azərbaycanın tərəqqisinə və xalqın rifahının yaxşılaşmasına böyük təkan verdi. İslahatların uğurla həyata keçirilməsi sözsüz ki, Heydər Əliyev dühasının bəhrəsi idi. Heydər Əliyev yeni iqtisadi sistemə keçidin vacibliyi prinsipini irəli sürməklə yanaşı, eyni zamanda bu prosesdə də iqtisadi potensialın ilk növbədə xalqın rifahına yönəldilməsini, əhalinin sosial maraqlarının təminatını, xüsusən aztəminatlı insanların sosial müdafiəsini dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən edirdi. Mövcud imkanlardan, o cümlədən təbii sərvətlərdən və iqtisadi potensialdan səmərəli istifadə etmək üçün hər gün, hər ay, hər il yorulmadan çalışmağın zəruri olduğunu vurğulayan Heydər Əliyev bunu iqtisadiyyatın inkişafının, nəticədə ölkəmizin qüdrətlənməsinin və vətəndaşlarımızın rifahının yüksəldilməsinin əsası kimi qiymətləndirirdi.Dünya təcrübəsi təsdiq edir ki, islahatların müvəffəqiyyəti düşünülmüş, əsaslandırılmış strategiya və taktikadan başqa, bir çox sosial-siyasi və ideoloji amillərdən də asılıdır. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olması iqtisadi inkişafın davamlılığına və yeni hədəflərə rəvac verməklə yanaşı, tərəfdaşlar qazanılmasına da zəmin yaratdı. Ulu öndərin ikinci dəfə respublikamıza rəhbərliyinin ilk illərində ölkəmiz vətəndaş müharibəsindən yenicə qurtulduğu, atəşkəs rejimini təzəcə əldə etdiyi üçün, həmin dövrdə xarici investorları Azərbaycana sərmayə qoymaq üçün həvəsləndirmək, onların etimadını qazanmaq həddindən artıq çətin, demək olar ki, mümkünsüz bir məsələ idi. Bununla belə, peşəkar siyasətçi 1994-cü ilin sentyabr ayında ölkəmizin qüdrətlənməsində mühüm əhəmiyyəti olan, Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" kimi möhtəşəm bir müqavilənin bağlanılmasına nail oldu. Sözsüz ki, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında müstəsna rolu olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ərsəyə gəlməsi, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan "Şahdəniz"in reallaşması da bu böyük şəxsiyyətin misilsiz xidmətlərinin nəticəsi idi. Xüsusi vurğulamaq lazımdır ki, türk dünyasının bir-biri ilə, eləcə də bütün dünya ilə birləşdirilməsinə xidmət edən tarixi "İpək Yolu" layihəsində də Heydər Əliyevin təşəbbüsü ilə görülən işlər müstəsna əhəmiyyət kəsb etmişdir. Əsas məqsədi Mərkəzi Asiya və Qafqaz ölkələrinin dünya iqtisadiyyatına fəal qoşulmasını təmin etməkdən ibarət olan bu böyük layihənin reallaşdırılmasında Bakı-Tbilisi-Ceyhan boru xəttinin mühüm əhəmiyyətini nəzərə alan aqil lider bu səbəbdən bütün qüvvəsini həmin layihəyə yönəltmişdir. Tarix onun növbəti uzaqgörənliyini təsdiq etdi və göstərdi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəttinin, Şərq-Qərb nəqliyyat dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası və qədim "İpək Yolu"nun bərpası Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının qüdrətlənməsinə yönələn müdrik siyasət olmaqla bərabər, həm də türk dünyasının birləşdirilməsinə hesablanmışdır.Sadalananlar qəti əminliklə onu deməyə əsas verir ki, müasir şəraitdə dövlət müstəqilliyimiz üçün vacib olan iqtisadi potensialımızın əsası Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə qoyulmuşdur. Azərbaycanın son inkişaf tarixi bariz şəkildə göstərdi ki, Heydər Əliyev məntiqindəki "müstəqillik-iqtisadiyyat" dialektikası öz dərinliyi, yeniliyi və konkretliyi ilə hər zaman aktualdır. Möhtərəm Prezident cənab İlham Əliyev demişdir: "...1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Heydər Əliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var. O da düşünülmüş siyasətdir, cəsarətdir, müstəqil siyasət və addımlardır...".Heydər Əliyev və ordu quruculuğuÜmummilli liderin zəngin və çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən birini də Azərbaycanın təhlükəsiz gələcəyinə təminat, müstəqilliyinə zəmanət verən ordu quruculuğu təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə bu sahədə yaranmış tənəzzül ulu öndərin birinci dəfə hakimiyyətə gəlişindən sonra aradan qaldırıldı. Azərbaycanda SSRİ müdafiə sənayesinin on bir böyük zavodunun tikilməsi, bu zavodlarda o dövrün müasir texnologiyalarının tətbiq olunması Azərbaycan Respublikasının müdafiə sənayesi istehsalında keyfiyyətli məhsulların həcmini dəfələrlə artırırdı ki, bu da müstəqilliyə doğru gedən yolda vacib amillərdən idi. Bununla yanaşı, milli hərbi kadrların hazırlanması prosesi də vüsət aldı. Bütün sahələr üzrə peşəkar milli kadrlar hazırlamağı önəmli istiqamət hesab edən müdrik rəhbər ilk növbədə hakimiyyət strukturlarına əsasən sadə insanların içərisindən seçdiyi azərbaycanlıları yerləşdirməklə xalqın birləşməsi və respublikanın tərəqqi yoluna çıxarılması istiqamətində zəruri tədbirlərin görülməsini təmin etdi. Müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə ixtisaslı milli mütəxəssislərin hazırlanması istiqamətində Heydər Əliyevin gördüyü böyük işlər müdrik şəxsiyyətin uzaqgörənliyinin parlaq sübutu idi.Ordu quruculuğunda keyfiyyətli hərbi təhsilin formalaşdırılmasının və ixtisaslı gənc hərbi kadrların hazırlanmasının son dərəcə strateji əhəmiyyətli məsələ olduğunu hər zaman vurğulayan ulu öndər bu sahəni də daim diqqət mərkəzində saxlayırdı. Qeyd olunan məsələnin vacibliyini nəzərə alan ümummilli lider Heydər Əliyev hələ Sovetlər dönəmində, SSRİ-nin iflas təhlükəsi heç kimin ağlına gəlmədiyi bir vaxtda milli kadrların, xüsusilə peşəkar hərbçilərin hazırlanması istiqamətində misilsiz işlər gördü. Belə ki, o, azərbaycanlı gənclərin hərtərəfli formalaşması üçün onların ali təhsil, o cümlədən xaricdə təhsil almalarına xüsusi önəm verməklə yüzlərlə şəxsin müxtəlif dövlətlərin ali təhsil müəsissələrində, həmçinin ali hərbi məktəblərdə təhsil almaları istiqamətində əməli tədbirlər həyata keçirdi. Bununla da ümummilli liderin şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başladı və bu sahədə də milliləşdirmə prosesi sürətləndi. Bununla bərabər, müdrik lider Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də xüsusi önəm verirdi. Bütün bunların nəticəsi idi ki, müstəqilliyin ilk illərində dövlətimizin ordu quruculuğunda əsas bazanı o dövrdə hazırlanmış milli kadrlar təşkil edirdi. Digər istiqamət isə ölkə daxilində milli təhsil müəsissələrinin təkmilləşdirilməsi və yeni təhsil ocaqlarının yaradılması idi. Müttəfiq respublikalar arasında ilk dəfə və yalnız Bakıda hərbi məktəbin açılmasına mərkəzi hakimiyyətdən icazə almaq çox çətin olsa da, ulu öndər buna nail oldu və 19 iyul 1971-ci il tarixdə Silahlı Qüvvələrin peşəkar milli hərbçi heyəti ilə komplektləşdirilməsində müstəsna əhəmiyyəti olan Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Ölkədə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan məktəbin açılması SSRİ rəhbərliyini ciddi şəkildə narahat etdiyindən, həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbin açılmasına lüzum olmadığını əsaslandırmağa çalışsalar da, aqil liderin mahir diplomatiyası və qətiyyəti bu cəhdlərin qarşısını aldı. Hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sahəsinə marağın daha da güclənməsinə böyük təkan verdi. Göründüyü kimi, böyük şəxsiyyət Heydər Əliyev Azərbaycanın müstəqilliyi bərpa etməsindən illər öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini təmin etmişdir. Növbəti illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Təlim və Tədris Mərkəzinin, Ali Hərbi Məktəbin, Ali Hərbi Dənizçilik Məktəbinin, Ali Hərbi Təyyarəçilik Məktəbinin və sair nüfuzlu ali hərbi təhsil ocaqlarının müasir tələblərə uyğun təşkil edilməsi də məhz ulu öndərin bu sahəyə göstərdiyi diqqətin nəticəsi idi. Dahi lider Heydər Əliyevin müstəqil dövlətçilik strateji proqramının özünəməxsusluğu onunla səciyyələnirdi ki, burada nəzərdə tutulan tədbirlərin icrası bütün sahələrin çoxşaxəli inkişafını və milliləşdirilməsini təmin edirdi. Bütün bunlar isə, təbii ki, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsinə zəmin yaradırdı.Dahi şəxsiyyət Heydər Əliyev növbəti dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da köklü islahatlar həyata keçirildi. Silahlı Qüvvələrin beynəlxalq əlaqələrinin genişləndirilməsini də hər zaman diqqətdə saxlayan Ali Baş Komandan Heydər Əliyev onu müasirləşdirmək üçün sovet hərb sistemini dəyişib, NATO standartlarını tətbiq etməyin zəruriliyini, Şimali Atlantika Alyansının isə beynəlxalq münasibətlər sistemində yeri və rolunu nəzərə alaraq, ölkəmizin NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması barədə qətiyyətli qərar verdi və 4 may 1994-cü ildə Brüsseldə təşkilatın çərçivə sazişi imzalandı. Bundan sonra, digər ölkələrin qanunvericiliyindən və təcrübəsindən bəhrələnməklə, eləcə də hərb tariximizə əsaslanmaqla mükəmməl hərbi qanunvericilik bazası yaradıldı, həyata keçirilən mühüm tədbirlər sayəsində çağırış və səfərbərlik işi xeyli təkmilləşdirildi, həmçinin hərbi hissələrdə intizam möhkəmləndi və qanunun aliliyi prinsipi bərqərar oldu. Ali Baş Komandanın mükəmməl ordu quruculuğu siyasəti hərbçilər arasında nizam-intizamı daha da möhkəmləndirdi, döyüş ruhunu və qabiliyyətini artırdı, bir sözlə, qüdrətli Silahlı Qüvvələr formalaşdırdı ki, bu da Vətən müharibəsindəki qələbəmizi şərtləndirdi.Qalib xalqın müzəffər lideri"...Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdik! Bu, böyük qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!.."İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan.Möhtərəm cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi 21 ildən artıq müddət ərzində əldə edilən uğurlardan bəhs edərkən, Azərbaycanın, nəinki müasir dövrünün, ümumilikdə şərəfli tarixinin ən böyük nailiyyətlərindən biri olan 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə xüsusi vurğulanmalıdır. 27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmasından sonra Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da İkinci Qarabağ müharibəsi başladı. Böyükdən kiçiyə hər kəs Vətən müharibəsinin qələbə ilə başa çatmasını qarşıya məqsəd qoydu. Dövlət başçısı cənab İlham Əliyevə olan sonsuz inam xalqı öz liderinin ətrafında daha da sıx birləşdirdi. Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən işğal altında olan ərazilərimizin bir-birinin ardınca qısa zamanda erməni qəsbkarlarından təmizlənməsi düşmənin zəbt etdiyi tarixi torpaqlarımızın tezliklə tam azad ediləcəyindən və ərazi bütövlüyümüzün bərpa olunacağından xəbər verirdi ki, bu da xalqın mübarizə əzmini, o cümlədən orduda olan ruh yüksəkliyini daha da artırırdı. Xalqımız tam əmin idi ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğal altında olan tarixi torpaqlarımız tezliklə azad ediləcək və Mehriban xanım Əliyevanın dediyi kimi, doğma yurdumuzun hər bir guşəsində Azərbaycan bayrağı dalğalanacaq və bu belə də oldu. Elə ilk günlərdən düşmənə sarsıdıcı zərbələr vuran qəhrəman övladların ardıcıl zəfərlər qazanmaqla kəndlərimizi, qəsəbələrimizi, yaşayış məntəqələrimizi, eləcə də şəhərlərimizi, o cümlədən 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və nəhayət 8 noyabrda Şuşa şəhərini işğaldan azad etməsi Ermənistanın bu biçarə düşmənin kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Ardınca bir güllə atılmadan 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın işğaldan azad olundu. Bununla da haqq mübarizəsi hərbi-siyasi qələbəmizlə başa çatdı və ədalət bərpa edildi. Ermənistan silahlı qüvvələrinin hər növbəti təxribatlarının qarşısının qətiyyətlə alınması, o cümlədən 19 sentyabr 2023-cü ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə hərbçilərimizin uğurla həyata keçirdikləri lokal xarakterli antiterror əməliyyatları dövlətimizin qüdrətinin və Silahlı Qüvvələrimizin gücünün əyani göstəricisi idi.Mükəmməl siyasət uğurla davam etdirilirQürur hissi ilə vurğulanmalıdır ki, ulu öndər Heydər Əliyevin mükəmməl siyasəti dövlət başçısı tərəfindən yeni müstəvidə uğurla davam etdirilir və möhtərəm Prezidentimizin digər liderlərə örnək olan fəaliyyəti, Mehriban xanım Əliyevanın dəstəyi, eləcə də xalqımızın əzmkarlığı sayəsində doğma Azərbaycanımız daha da qüdrətlənir.Bu gün ölkəmizin hər yerində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə böyük işlər görülür və Azərbaycanın hər bir guşəsi daha da gözəlləşdirilir və abadlaşdırılır. Hazırda geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda dövlət başçısının tapşırıqları və tövsiyələri əsasında "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının reallaşdırılması, bütün infrastrukturların yenidən qurulması, avtomobil və dəmir yollarının, elektrik, su və qaz xətlərinin çəkilməsi, hava limanlarının, tunellərin, körpülərin, müasir yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların, su-elektrik stansiyalarının tikilməsi prosesi uğurla davam etdirilir ki, bu da dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə respublikamızın qüdrətini və iqtisadi gücünü sübut edən bariz nümunədir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tarixi torpaqlarımızda sevinc və qürur dolu davranışları, səmimi paylaşımları hər birimizdə sözlə ifadə oluna bilməyən iftixar hisləri yaratmaqla, xalqımız tərəfindən böyük maraq və fərəhlə qarşılanır. Bütün bunlar dövlət başçısının və birinci xanımın vətənə, yurda, torpağa, xalqa bağlılığının təzahürüdür.Möhtərəm Prezident cənab İlham Əliyev demişdir: "...Bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal olunmuş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır...". Qeyd olunan dəyərli kəlamların uğurla reallaşması bir daha vətənpərvər liderimizin doğma Azərbaycanın hər qarışına, eləcə də hər bir vətəndaşının rifah halının yüksəldilməsinə verdiyi önəmin və fəaliyyətinin əsas prinsipi olan "Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm" ifadəsinin reallığının təcəssümüdür.Göründüyü kimi, "Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir", - deyən ulu öndər Heydər Əliyev təkcə öz həyatını vətəninə və xalqına fəda etməklə kifayətlənməmiş, həm də Azərbaycan üçün ömrünü dövlətinə və millətinə həsr edən cənab İlham Əliyev kimi nəhəng tarixi şəxsiyyət digər dövlət başçılarına örnək olan əsl lider hazırlamışdır.Bütün bunlar qəti əminliklə onu deməyə əsas verir ki, qədirbilən xalqımız Azərbaycan və azərbaycanlılar qarşısında əvəzsiz xidmətləri ilə "Dünyanın ən böyük azərbaycanlısı" adını qazanmış Heydər Əliyevi hər zaman yüksək ehtiramla xatırlayacaq, onun əziz və unudulmaz xatirəsi daim dərin hörmətlə anılacaqdır.Xanlar VƏLİYEV,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi,ədliyyə general-leytenantı,respublikanın Əməkdar hüquqşünası,hüquq üzrə fəlsəfə doktoru.


Chosen
0
metbuat.az

1Sources