EN

Ermənistan Bakının tələblərini yerinə yetirsə, o zaman... - AÇIQLAMA

Ermənistan İran, Oman, Qətər, Türkmənistan və Özbəkistan arasında beynəlxalq nəqliyyat və tranzit dəhlizinin yaradılması haqqında sazişə (Aşqabad Sazişi) qoşulub.

Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında verilib. Sazişə qoşulmaqla bağlı əsasnamədə qeyd olunur ki, bu, üzv dövlətlərin ərazisindən yük və sərnişinlərin daşınmasına, tranzit üçün etibarlı şəraitin yaradılmasına, multimodel daşımaların asanlaşdırılmasına, nəqliyyat xərclərinin optimallaşdırılmasına, imkan verəcək. “Aşqabad Sazişi “Sülh kəsişməsi” layihəsinin əsas prinsiplərinə uyğundur. Ermənistanın bu sazişə qoşulmasında məqsəd yeni bazarlara çıxış əldə etmək və “sülh kəsişməsi” layihəsini Avrasiyanın nəqliyyat şəbəkəsinə daxil etməkdir. Rəsmi İrəvan ümid edir ki, Cənubi Qafqazda kommunikasiyanın açılmasında irəli sürdüyü “sülh kəsişməsi” layihəsi qəbul ediləcəksə, Zəngəzur dəhlizinin açılması arxa plana keçəcək.

Deputat Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, ortada Zəngəzur dəhlizinin, yəni kommunikasiya qovşağının açılması ilə bağlı Ermənistan baş nazirinin imzaladığı sənəd var.

Onun sözlərinə görə, İrəvan hökuməti ilk növbədə imzaladığı sənədlərin icrasını həyata keçirməli, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir:

"Zəngəzur dəhlizinin açılması tələblərimiz arasında önəmli məsələlərdəndir. Əslində, əvvəlki dönəmdə Azərbaycanın Ermənistanla sülh danışıqlarında haqlı tələbləri sırasında Zəngəzur dəhlizinin açılması tələbi də yer alırdı. Bakı Zəngəzur dəhlizinin açılacağı təqdirdə sülh sazişinin imzalana biləcəyini vurğulayırdı. Amma bu tələb müəyyən qədər arxa plana keçirildi”.

Müsahibimiz vurğulayıb ki, əlbəttə, kommunikasiyaların açılması birmənalı reallaşacaq. Sadəcə olaraq, indiki məqamda Ermənistanın qarşısında başqa öhdəliklər qoyulub:

“İrəvan hökuməti sülh müqaviləsinin imzalanması üçün öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından birmənalı imtina etməlidir. Eyni zamanda ATƏT-in Minsk qrupunun artıq olmayan "vasitəçiliyi" hüquqi müstəvidə aradan qaldırılmalıdır. Bu da tərəflərin birgə müraciəti əsasında mümkündür. Bununla yanaşı, bölgəyə gətirilmiş Avropa İttifaqının "müşahidə missiyası", əslində casus şəbəkəsi şərti sərhədlərimizdən getməlidir".

Arzuxan Əlizadə: Bugünkü tələblərimiz beynəlxalq hüquqa əsaslanır

 Deputat bildirib ki, Ermənistan üzərinə düşən öhdəliklərə əməl edərsə, Bakının tələblərini yerinə yetirsə, o zaman həm iki ölkə arasında münasibətləri normallaşacaq, həm də bütövlükdə Cənubi Qafqazda sabitlik bərqərar olunacaq:

"Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi gedir və müəyyən bir hissə tamamlanıb. Amma qarşı tərəfin qeyri-konstruktiv mövqeyi səbəbindən bu proses uzanır. Ermənistan bu məsələdə də konstruktivlik nümayiş etdirməlidir”.

A.Əlizadə qeyd edib ki, həmçinin, hələ də Azərbaycanın 4 kəndi işğal altındadır. Bu kəndlər geri qaytarılmalıdır:

“Eyni zamanda haqlı tələblərimiz arasında zamanında dədə-baba yurdlarından qovulmuş insanlarımızın Zəngəzura, Göyçəyə, Qərbi Azərbaycanın digər bölgələrinə qayıdışının təmin olunmasıdır. Bu da Ermənistan qarşısına qoyulan haqlı tələblərdən biridir. Sülh təkliflərmiz beynəlxalq hüququn əsas 5 prinsipinə söykəndiyi kimi bugünkü tələblərimiz də beynəlxalq hüquqa əsaslanır. Bunlar mütləq mənada yerinə yetirilməlidir".

Aydın Baxış

Chosen
0
bakivaxti.az

1Sources