EN

Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü – 7 uşaq dövlətə verildi

BAKI, 8 may. TELEQRAF

Yevlax rayonunda 1986-cı il təvəllüdlü Həsrət Bəkirov 1987-ci il təvəllüdlü arvadı Laləzarı qətə yetirib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Həsrət 2 mart 2024-cü ildə saat 02:30-da Yevlax şəhərindəki fərdi yaşayış evinin yataq otağında psixotrop maddə metamfetamin qəbul edib, yaranmış sərxoşluq vəziyyətində arvadı Laləzarın ona xəyanət etməsindən şübhələnib. Ondan hansı səbəbə xəyanət etməsini soruşub.

Laləzər Bəkirova cavabda ərinə bir neçə dəfə xəyanət etdiyini və həmin şəxslərin ondan üstün olduğunu bildirib. Bu cavabı Həsrət özünə təhqir sayıb, arvadının onu ailə başçısı kimi qəbul etməməsini şəxsiyyətinə sığışdırmayıb. Qisas məqsədilə arvadını öldürmək qərarına gəlib.

İki əliylə Laləzər Bəkirovanın baş nahiyəsindən tutaraq pəncərənin şüşəsinə vurub. Arxası üstə onu döşəməyə yıxıb, şüşə parçaları ilə bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Ümumillikdə 17 bədən xəsarəti yetirməklə qadını öldürüb.

İstintaq orqanı tərəfindən Həsrət Bəkirovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həsrət elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə yox, 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət əməli törətdiyini deyib. İfadəsində göstərib ki, hadisə vaxtı ağlı başında olmadığı üçün arvadına çoxsaylı zərbələri vurub.

“Arvadım bunu inkar etdi”

Həsrətin ifadəsinə görə, narkotik vasitələrdən istifadə edib, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub:

“2023-cü il oktyabr ayında cəzaçəkmə müəssisəsindən çıxdım. Həmin gün Salyan rayonundan Bakı şəhərinə getdim. Arvadım Laləzər Bəkirova uşaqlarla Bakı şəhərində hazırda xatırlamadığım ünvanda kirayədə yaşayırdı. Biz birlikdə "20 Yanvar" metrostansiyasının yaxınlığında hərəkətdə olarkən qarşı tərəfdən tanımadığım bir oğlanın bizi görərək qaçdığını gördüm.

Kənarda tanımadığım bir neçə şəxs Laləzərlə qaçan oğlanın arasında münasibət olduğunu dedi. Söhbəti eşidib, onlara yaxınlaşdım, nə baş verdiyini soruşdum. Onlar da arvadımın bayaq qaçan oğlanla münasibət saxladığını təsdiqlədilər. Lakin oğlanın adını və soyadını demədilər.

Bu haqda arvadımdan soruşdum, o bunu inkar etdi”.

“Oğlanla yenə qarşılaşdıq”

Təqsirləndirilən şəxs deyib ki, onlar Yevlaxda fərdi yaşayış evində yaşamağa başlayıblar: “Hadisədən təxminən 3-4 gün əvvəl arvadımla birlikdə Yevlax bazarında olarkən Bakı şəhərində gördüyüm oğlanla rastlaşdıq. Oğlan bizi görəndə qaçaraq getdi. Arvadımdan oğlanın kim olduğunu soruşdum. O, oğlanı tanımadığını dedi”.

Həsrətin bildirdiyinə görə, 1 mart 2024-cü ildə evdə arvadı Laləzarla mübahisə ediblər: “Mübahisə vaxtı arvadım fərqli-fərqli tanımadığım şəxslərin məndən daha yaraşıqlı olduqlarını bildirdi, məni qəzəbləndirdi.

Martın 1-dən 2-nə keçən gecə saat 1 radələrində arvadımla yataq otağına getdim. Orada Laləzarın jiletinin cibindən ağ kağız bükülünün içərisində psixotrop maddə metamfetamin tapdım. Ondan narkotikdən istifadə edib-etmədiyini soruşdum. Laləzar narkotikdən istifadə etmədiyini dedi.

Bəs niyə cibində metamfetamin saxladığını soruşdum. O da maddəni cibinə kimin qoyduğunu bilmədiyini dedi. Psixotrop maddəni Laləzara mənə xəyanət etdiyi oğlanın verdiyini ehtimal elədim”.

“Könüllü təslim oldum”

Həsrət qeyd edib ki, daha sonra o özü psixotrop maddə metamfetamindən istifadə edib: “Söhbət əsnasında Laləzardan mənə xəyanət etməsinin səbəbini soruşdum. O, bir neçə dəfə mənə xəyanət etdiyini, onların məndən üstün olduğunu dedi və ünvanıma nalayiq ifadələr işlətdi.

Arvadımın baş nahiyəsindən tutaraq otağın pəncərəsinin şüşəsinə çırpdım, şüşə sındı. Onun qollarında və hər iki əl barmaqlarında xəsarət yarandı. Ardınca döşəmənin üzərinə uzadaraq şüşə parçası ilə onun boğaz, üz və digər nahiyələrinə dəfələrlə zərbələr endirdim. Arvadımı öldürdükdən sonra könüllü şəkildə Yevlax Rayon Polis Şöbəsinə gedib özümü təslim etdim”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Həsrət Bəkirov 17 il 6 ay müddətə azadlıqdan məhrum edilib, cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.

Hökmdən narazı qalan Həsrət Bəkirov apellyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilməsini istəyib.

Eyni zamanda məhkəmə-psixatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, o, emosional davamsız şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkir.

Bundan başqa birinci instansiya məhkəməsi hökm çıxararkən onun altı övladı barəsində Yevlax rayon İcra Hakimiyyətinə tapşırıq verib, yeddinci övladı ilə bаğlı Yevlax rayon İcra Hakimiyyətinə tapşırıq verilməyib.

Təqsiləndirilən şəxs cinayət əməlini Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən 120.1-ci maddəsinə tövsif edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini, barəsində hökm qəbul edilərkən yeddi azyaşlı övladlarının olmasını və könüllü təslim olub törətdiyi cinayət əməlini etiraf etməyinin nəzərə alnmasını, baş vermiş cinayət hadisəsini törədərkən anlaqsız olmağını nəzərə alaraq cinayət işinə xitam verilməsini və Respublika Psixatiriya Mərkəzində məcburi müalicə olunmağı üçün qərar qəbul edilməsini xahiş edib.

İşə Şəki Apellyasiya Məhkəməsində baxılıb. Hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, apellyasiya şikayəti qismən təmin edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, hökmü dəyişdirilib. Həmin hökmə “təqsirləndirilən şəxsin himayəsində olan 2010-cu ildə doğulmuş Nazilə Bəkirovayа nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadığı ərazi üzrə Yevlax Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına tapşırılsın” sözləri əlаvə edilib.

Chosen
0
5
teleqraf.com

6Sources