Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və yerli polis idarəsinin əməkdaşları gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Əsmər Mehman qızı Fituriyə məxsus yaşayış evində reyd keçiriblər.
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub:
"13 ədəd 1 l-lik, doqquz ədəd 0.7 l-lik, dörd ədəd 0.5 l-lik "Banketnaya Yubiley", 19 ədəd 1 l-lik, yeddi ədəd 0.7 l-lik, beş ədəd 0.5 l-lik "Organic Line", bir ədəd 1 l-lik, üç ədəd 0.7 l-lik "Banketnaya", bir ədəd 1 l-lik, bir ədəd 0.5 l-lik "Старый Доктор" əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb".
"Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.



