EN

Yaşar Nəsibov: Azərbaycanın regional əməkdaşlıq potensialı strateji əhəmiyyət daşıyır

Azərbaycanın güclü dövlətçiliyi, geosiyasi mövqeyi, sürətli texnoloji inkişafı, rəqəmsallaşma gündəliyi və regional əməkdaşlıq potensialı strateji əhəmiyyət daşıyır.

Bunu “Poliqon”a açıqlamasında Türkiyənin “MipMap Texnologiyalar” şirkətlər qrupunun Azərbaycan filialının rəhbəri, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru Yaşar Nəsibov deyib.

Y.Nəsibovun sözlərinə görə, şirkət, bu filial vasitəsilə dövlət və özəl sektor nümayəndələri ilə daha sıx əməkdaşlıq edəcək, yerli resursları işə cəlb etməklə innovativ texnoloji həllər təqdim edəcək.

O əlavə edib ki, filial həmçinin Azərbaycanda birgə layihələrin icrası, ali təhsil müəssisələri ilə əməkdaşlıq və yerli mütəxəssislərin yetişdirilməsi istiqamətində də aktiv təşəbbüslərlə çıxış edəcək.

“Şirkət, Azərbaycanda ekologiya, şəhərsalma, əmlak məsələləri, kənd təsərrüfatı və digər sahələrdə coğrafi texnologiyaların tətbiqini genişləndirməyi, iqtisadi cəhətdən səmərəli və sürətli aeroçəkiliş imkanlarını reallaşdırmağı, CİS infrastrukturunun yaradılması, rəqəmsal əkizlər və ağıllı şəhər layihələri üzrə fəaliyyət göstərməyi hədəfləyir.

Ən böyük arzumuz isə yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində müasir texnologiya və həllərin ölkəyə gətirilməsi, yerli və milli kadr potensialının formalaşdırılmasına dəstək, qarşılıqlı bilgi paylaşımı və Azərbaycanın coğrafi ekosisteminə öz töhfəmizi verməkdir”, – deyə Yaşar Nəsibov qeyd edib.

“MipMap Texnologiyalar” şirkətlər qrupu, coğrafi informasiya sistemi (CİS), 3D mobil xəritələmə, 2D/3D peyk xəritələməsi, aeroçəkilişlər (təyyarə və dron), təsvir deşifrləməsi, kadastr və topoqrafik ölçmələr, geodeziya, kartoqrafiya, fotoqrammetriya, məsafədən zondlama, multi-scale rəqəmsal əkizlər, məkan daxili xəritələmə və naviqasiya, ağıllı şəhər infrastrukturu, IoT, Artırılmış Reallıq (AR) və Virtual Reallıq (VR) tətbiqləri, 3D modelləşdirmə, yerüstü və yeraltı kommunikasiya xətlərinin rəqəmsallaşdırılması və modelləşdirilməsi, CORS (fasiləsiz fəalliyyət göstərən istinad stansiyaları) yaradılması, geoid modelləmə və yaxşılaşdırma, Geoportal və mobil tətbiqlərin hazırlanması, Esri əsaslı məkan həllərinin hazırlanması və bir çox digər sahələrdə autsorsinq xidmətləri təklif edən aparıcı məkan xidmətləri təminatçısıdır.

“MipMap”, 25 ildən artıq təcrübəyə malik olaraq, LiDAR və fotoqrammetrik texnologiyalar vasitəsilə yüksək dəqiqlikli 2D/3D rəqəmsal xəritələrin, rəqəmsal yüksəklik modellərinin (DEM/DTM/DSM) və ortofotoların yaradılması, şəhər planlaşdırılması və infrastruktur layihələri üçün təməl məlumat bazalarının hazırlanması, peyk və aeroçəkilişlər əsasında məkan məlumatlarının idarə olunması və təhlili üzrə Esri əsaslı CİS platformalarının hazırlanması və məsləhət xidmətlərinin verilməsi sahəsində ixtisaslaşıb.

“MipMap” şirkəti, güclü elmi-texniki heyətə malikdir və hazırda komandasında 12 nəfər Ph.D (fəlsəfə doktoru) səviyyəsində mütəxəssis çalışır. Bu yüksək ixtisaslı heyət, texnoloji yeniliklərin tətbiqi, tədqiqat və innovasiya fəaliyyətlərinin icrası sahələrində MipMap-ın beynəlxalq rəqabət qabiliyyətini və lider mövqeyini təmin edən əsas sütunlardan biridir.

Şirkət, həmçinin ağıllı şəhər həllərinin inkişafı, fiziki obyekt və proseslərin dəqiq rəqəmsal modelləşdirilməsi, şəhər və sənaye obyektlərinin real vaxtda analizi və simulyasiyası, SCADA və IoT cihazlarının inteqrasiyası, sensor məlumatlarının məkan üzrə xəritələnməsi, IoT texnologiyaları ilə monitorinq sistemlərinin qurulması, eləcə də ağıllı şəhərlər və sənaye müəssisələrində iş axınlarının optimallaşdırılması sahələrində kompleks və qabaqcıl texnoloji xidmətlər təqdim edir.

“MipMap” bu günə qədər Ciddə Rəqəmsal Əkiz (Jeddah Digital Twin), Əl-Ula Rəqəmsal Əkiz (Al Ula Digital Twin), Neom CİS (Neom GIS) və Sürix Rəqəmsal Kampusu (Zurich Digital Campus) kimi qlobal miqyasda mühüm əhəmiyyətə malik layihələr də daxil olmaqla, dünyanın müxtəlif ölkələrində 500-dən artıq uğurlu layihəni uğurla həyata keçirmişdir.

“MipMap”, “Esri” şirkətinin Platinum tərəfdaşı olaraq, MIT (Massachusetts Texnologiya İnstitutu) Senseable City Lab, ODTÜ, TU Delft və digər beynəlxalq nüfuza malik elmi və texnoloji qurumlarla sıx əməkdaşlıq edir. Şirkət, Esri ArcGIS platforması üçün ixtisaslaşdırılmış məkan həlləri hazırlayır, MIT ilə birgə ağıllı şəhərlər və məkan təhlili sahəsində tədqiqat layihələrində iştirak edir. Eyni zamanda, TU Delft və ODTÜ ilə 3D şəhər modelləri və torpaq idarəçiliyi üzrə beynəlxalq layihələr çərçivəsində fəal şəkildə fəaliyyət göstərir.

Beynəlxalq geoinformasiya texnologiyaları sahəsində aparıcı mövqeyə malik olan MipMap, Səudiyyə Ərəbistanı, Türkiyə, Hollandiya, BƏƏ, ABŞ və Azərbaycandakı ofisləri ilə qlobal mövcudluğunu genişləndirmiş, 2024-cü ilin noyabrında Bakıda filial açaraq yerli bazarda strateji iştirakını və fəaliyyətlərini daha da gücləndirib.

Chosen
0
poliqon.az

1Sources