EN

Yeni evlənənlərin diqqətinə – Soyada keçmək məsələsi…

Sosial şəbəkələrdə ailə qurarkən kişinin soyadını götürmək məsələsi yenidən müzakirə obyektinə çevrilib. Bu istiqamətdə fikirlər də birmənalı deyil. Bəziləri deyir ki, qadın soyadını dəyişməlidir, çünki artıq həmin ailənin üzvüdür. Digərləri düşünür ki, xanım öz soyunu davam etdirməlidir.

Globalinfo.az-a danışan deputat Aqil Abbas deyib ki, qadın özü seçim edə bilər:

“Azərbaycanda əksəriyyət öz ərinin soyadına keçir. Düşünürəm ki, ailədə bir soyad olmalı, nəsil onun üzərində formalaşmalıdır. Məsələn, soyadım Abbasovdur və bu, beşinci babamın adıdır. Bütün qohum-əqrəbaların da, gəlinlərimizin də soyadı belədir”.

Aqil Abbas həyat yoldaşının onun soyadına keçmədiyini bildirib:

“Çünki o, Məmməd Arazın qızıdır. Bilirsiniz, şairin oğlu yox idi. Buna görə də həyat yoldaşım öz soyadından imtina etməyərək, onu yaşatmaq istədi”.

 
Sosioloq Lalə Mehralı qeyd edib ki, bu, istəyə görə tənzimlənən məsələdir və dövlət heç kimi soyadı dəyişməyə məcbur etmir:


“Təbii ki, nikah zamanı qadının fikirləri öyrənilir. Əgər o, öz soyadı ilə davam etmək istəyirsə, dəyişmir. Bilirsiniz, insanın müəyyən yaşa qədər öz soyadından istifadə edib, evləndikdən sonra onu dəyişməsi normal deyil. Bu, mənim şəxsi düşüncəmdir. Məsələn, bizi 25 yaşa qədər bir soyadla tanıyırlar, sonra başqa… İnsan bir soyadla doğular və onunla da həyatını başa vurar. Bu gün ikinci dəfə evlənənlərin də sayı artıb. Qadın hər dəfə ailə quranda sənədlərində soyadını fərqli qeyd edərsə, əlavə problemlər də yaranar. Eyni zamanda tez-tez soyad dəyişmək məcburiyyətində qalmaq normal vəziyyət deyil”.
Chosen
0
1
referans.az

2Sources