EN

Şəhid və qazi adıyla alver etmək ən alçaq hərəkətdir

“Həqiqi şəhid ailələri, həqiqi qazilər heç vaxt özlərini reklam etmir, təmkinli, səbirli olurlar”

Naxçıvanda özünü şəhid atası kimi təqdim edib dələduzluq əməlləri törədən şəxs saxlanılıb. Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə silsilə dələduzluq əməlləri törədən Naxçıvan şəhər sakini 64 yaşlı Rizvan Qafarov saxlanılıb. Onun müxtəlif yalan vədlər verərək zərərçəkənlərin pulunu əl keçirdiyi müəyyən edilib. R.Qafarov insanların inam və etibarını qazanmaq üçün özünü hər kəsə şəhid atası kimi təqdim edib. Faktlarla bağlı araşdırma aparılır. Təəssüf ki, belə halların təkrarlanması müşahidə edilir. Dələduzlar özlərini gah şəhid valideyni, gah müharibə əlili, qazi kimi təqdim edərək insanların Vətənə sevgisi, şəhid, qazi adına ehtiramından sui-istifadə edib qazanc güdürlər. Bu günlərdə sosial şəbəkələrdə şəhid anasının kredit borcunun ödənməsi üçün çağırış edildi. Şəbəkə istifadəçilərindən məsələyə sərt yanaşanlar da oldu. Qeyd edildi ki, dövlətimiz şəhid ailələrinin sosial təminatını üzərinə götürüb, şəhid valideynlərinə qan pulu olaraq konkret məbləğ ödənilir, bundan əlavə isə hər ay bəlli miqdarda müavinət də alırlar. Şəhid anası Maya Quliyeva şəhid ailələrinə verilən müavinətin miqdarı barədə bunları yazıb: “Şəhid anasının dilənməyə haqqı yoxdur! Oğlu şəhid olub deyə heç kim ona bu haqqı verməyib! Bir çox şəhid ailələrinin bu kimi paylaşımları şəhid ailələrini nüfuzdan salır. Etməyin belə! Ayıbdı, ayıb! Şəhid subaydırsa və hərbiçi olmayıbsa, yəni sıravi əsgər olubsa, onun ailəsinə hər ay 600 manat müavinət ödənilir. Onun 300 manatı anaya, 300 manatı ataya ayrı-ayrılıqda kart hesablarına daxil olur. Birdəfəlik ödənmiş olan Heydər Əliyev Fondunun 10 min manatının da 5 mini anaya, 5 mini ataya ödənir. 11 min manat qanpulunun da 6.500 ataya, 6.500 anaya ödənilib. Hə, bir də 3000 min dəfn pulu olub, yası yola vermək üçün. Bunlar ilk bir həftə içində ailəyə ödənilir, vəssalam. Belə başa düşdüm, bu şəhid anası da tək yaşayır. Yəni şəhid oğlu ailəli olmayıb. Yaxşı, tək yaşayan qadın ödəyə bilməyəcəyi krediti neynirdi? Bəziləri tiktokda dilənir, bəziləri belə. Daha bu camaat bezib şəhid ailələrinin dilənçiliyindən”.

Sərt mövqe olsa da, həqiqət payı da var. Şəhidlər baş tacımızdır, mübarək və müqəddəs yolun yolçularıdır, amma bu, haqq vermir ki, şəhid adından istifadə edilsin. Şəhid adıyla saxtakarlıq etməksə, birmənalı olaraq şərəfsizlik, eyni zamanda cinayətdir.  

Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, şəhid və qazi adıyla alver etmək alçaq hərəkətdir:  

- Belə hallara, təəssüf ki, zaman-zaman rast gəlinir. Şəhidlər, şəhid ailələri, qazilərlə bağlı da saxta xəbərlər yayılır, kimisi özünü şəhid atası, bəzisi qazi kimi təqdim edir, insanların inamından sui-istifadə edirlər. Təəssüf edirəm. Bu, biz Vətən qazilərini çox məyus edir. Bəziləri əyninə hərbi forma geyinib özünü “qazi” kimi təqdim edir, aldığı xəsarətləri açıb göstərir, əlilliyin düzgün təyin edilmədiyindən şikayətlənirlər. Qazi adıyla alver etmək, qazi adından sui-istifadə etmək qazi şərəfinə ən böyük ləkədir. Həqiqi qazilər heç vaxt belə davranmır. Dəfələrlə olub ki, kimsə qazi kimi təqdim olunub, ağır vəziyyətdə yaşadığı, diləndiyi yazılıb, gedib araşdırmışıq, məlum olub ki, heç  müharibə iştirakçısı deyil. Həqiqi hərbi xidmət dövründə yaralanmaq da qazilik deyil. Qazi adı döyüşdə qazanılır. Biz, Birinci Qarabağ müharibəsi döyüşçülərinin çoxunun o zaman heç hərbi forması da yox idi. Amma döyüşürdük, Vətənimizi müdafiə edirdik. İndi bəzilərinin avtomobilinin arxa, ön şüşəsinə “qazi” yazılır, bəziləri şəhidlərin fotoları ilə bəzəyir avtomobilini, mağazasını. Bunu şəhid adına ehtiram məqsədilə etsələr, alqışlayarıq. Amma görürsən ki, bəziləri şəhid-qazi adının arxasında gizlənib haram yolla qazanc əldə etməyə çalışır, şəhid, qazi adını özünü müdafiə üçün qalxan kimi istifadə edir. Belələrini ancaq “şərəfsiz” adlandırmaq olar. Həqiqi şəhid ailələri, həqiqi qazilər heç vaxt özlərini reklam etmir, təmkinli, səbirli olurlar. Onlar Vətəni nəyinsə müqabilində deyil, qarşılıqsız sevənlərdir. Nə şəhidlər şəhid adını, nə qazilər qazi adını gözə girmək, özünü digərlərindən üstün tutmaq üçün qazanmır, bu, şərəfli bir yoldur, o yolu seçirlər. Şəhid, qazi ailələri də şəhid, qazi adını da uca tutmalıdırlar. Bu adların alver vasitəsi olmasına imkan verməməlidirlər. 

Chosen
0
sherg.az

1Sources