EN

Ölümcül göbələk xəstəliyi qlobal istiləşmə nəticəsində yayıla bilər

Yeni risklərə qarşı əvvəlcədən hazırlıqlı olmalıyıq

“Əgər qlobal temperatur artmaqda davam edərsə, göbələk növlərinin daha əvvəl rast gəlinmədiyi coğrafiyalarda yayılması qaçılmaz olacaq”

Alimlərin yeni araşdırmasına görə, isti bölgələrdəki ölümcül göbələk xəstəliyi qlobal istiləşmə nəticəsində yayıla bilər. Mançester Universitetinin alimlərinin apardığı yeni araşdırmaya görə, Aspergillus fumigatus növündən olan ölümcül göbələk infeksiyaları insanlarda ağır tənəffüs xəstəliklərinə səbəb ola bilər. Mütəxəssislər bu növün Afrika və Cənubi Amerikadan şimala Avropa və Asiyaya yayılacağını proqnozlaşdırırlar. Tədqiqat həmçinin qeyd edib ki, yayılma dərəcəsi qalıq yanacaq istifadəsi və istixana qazı emissiyalarından asılıdır. Tədqiqatın aparıcı müəllifi, Mançester Universitetindən Norman van Rhijn, göbələklərin müalicəsinin "son dərəcə çətin" olduğunu vurğulayıb və lazımi ehtiyat tədbirlərinin görülməsinə çağırıb.Hesablamalara görə, qlobal istiləşmə səbəbindən bu cür göbələklərin yayılma sahəsi 2100-cü ilə qədər 77 faiz arta bilər. Bunun təkcə Avropa qitəsində doqquz milyona yaxın insanın sağlamlığına təhlükə yaradacağı bildirilib və xüsusilə xroniki ağciyər xəstəlikləri və immun sistemi zəif olanlar üçün ehtiyatlı olmağa çağırılıb.

Terapevt Aytən Quliyeva da “Sherg.az”a açıqlamasında deyib ki, qlobal istiləşmə təkcə iqlim dəyişikliklərinə deyil, eyni zamanda mikroorqanizmlərin və patogenlərin yayılma coğrafiyasına da təsir edir. Aspergillus fumigatus kimi göbələklərin normal şəraitdə torpaqda, bitki qalıqlarında və çürüyən materiallarda yaşadıqlarını vurğulayan həkim bildirib ki, bu göbələyin sporları havada asanlıqla yayıla və nəfəs yolları vasitəsilə insan orqanizminə daxil ola bilər: 

“İmmunitet sistemi zəif olan insanlarda — məsələn, xərçəng xəstələri, orqan köçürməsi olunmuş şəxslər və ya uzunmüddətli steroid müalicəsi alanlarda — bu infeksiya ağır pnevmoniya, bronxial aspergilloz və hətta sepsisə səbəb ola bilər. Əgər qlobal temperatur artmaqda davam edərsə, bu kimi göbələk növlərinin daha əvvəl rast gəlinmədiyi coğrafiyalarda yayılması qaçılmaz olacaq. Bu da səhiyyə sistemlərinə əlavə yük və yeni tibbi yanaşmaların zəruriliyini gündəmə gətirir. Biz həkimlər də diaqnostik protokolları yeniləməli və bu cür risklərə qarşı əvvəlcədən hazırlıqlı olmalıyıq.”

Chosen
0
sherg.az

1Sources