Diplomatik nəzakət, yoxsa milli iradə? — Bakı seçimini etdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməməsi dövlətimizin milli maraqlarına əsaslanan, tamamilə düşünülmüş və prinsipial qərardır. Bu qərar bir daha təsdiqləyir ki, Azərbaycan Respublikası öz xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirir və heç bir təzyiqə, yaxud da ikili münasibətə göz yummur.
Son aylarda baş verən hadisələr – AZAL təyyarəsinin Rusiya ərazisində qəzaya uğraması və bu hadisə ilə bağlı indiyədək Rusiya tərəfinin hər hansı ciddi istintaq tədbiri görməməsi, ölkəmizin informasiya resurslarına qarşı Rusiyadan qaynaqlanan kiberhücumlar və nəhayət, millət vəkilimiz Azər Badamovun heç bir əsas göstərilmədən Moskvaya buraxılmaması – Azərbaycanın suverenliyinə və siyasi nüfuzuna qarşı qəbuledilməz münasibətin ifadəsidir.
Prezident İlham Əliyevin bu addımı göstərir ki, Azərbaycan artıq ikili standartlara əsaslanan münasibətləri qəbul etmir. Biz qarşılıqlı hörmətə, bərabərhüquqluluğa və açıq dialoqa əsaslanan münasibətlər tərəfdarıyıq. Əgər Rusiya ilə münasibətlər bu prinsiplər üzərində qurulmursa, Azərbaycan dövləti öz mövqeyini açıq şəkildə ortaya qoymaqdan çəkinmir.
Cənab Prezidentin qərarı həm də Azərbaycan xalqının ləyaqətinin, dövlətin müstəqillik prinsipinin müdafiəsidir. Dövlət başçısının diplomatik jestlərə deyil, konkret və məsuliyyətli münasibətə üstünlük verməsi Azərbaycanın artan gücünün və müstəqil siyasətinin təzahürüdür.
Fərid Şahbazlı
Siyasi şərhçi