ABŞ prezidenti Donald Tramp Fars körfəzinin adının Ərəbistan körfəzi olaraq dəyişdirilməsini elan etmək niyyətindədir. Bu barədə iki amerikalı məmura istinadən “Associated Press” məlumat yayıb. Onların sözlərinə görə, bu bəyanat Trampın may ayında Səudiyyə Ərəbistanına səfəri zamanı veriləcək.
Bu qərar sözügedən su hövzəsini Ərəb körfəzi adlandıran bir sıra Yaxın Şərq ölkələrinin üstünlüklərini əks etdirir. Lakin sahil xətti körfəzlə üzbəüz olan İran bu cür dəyişikliyin qəti əleyhinədir. Tehran üçün onun tarixi adı olan Fars körfəzi qədim fars irsi ilə bağlı mühüm mədəni və coğrafi əhəmiyyətə malikdir. Körfəzin coğrafi adı müxtəlif xidmətlərin xəritələrində fərqli şəkildə göstərilir. “Google Maps” onu Fars və ya Ərəbistan körfəzi kimi qeyd edir, “Yandex Maps” isə yalnız Fars körfəzi adından istifadə edir. Körfəzin adının dəyişdirilməsi cəhdləri yeni şey deyil. Keçmişdə bölgənin ərəb kimliyini vurğulamağa çalışan Misir prezidenti Camal Əbdül Nasir və İraq prezidenti Səddam Hüseyn tərəfindən oxşar təşəbbüslər irəli sürülüb. Qeyd edək ki, Donald Tramp bundan əvvəl Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb və Alyaskadakı Denali zirvəsinin adını dəyişdirərək onu tarixi adı olan MakKinliyə qaytarıb. İndi Fars körfəzi ilə bağlı baş verənlər İranı ciddi şəkildə narahat etməyə başlayıb. İranın xarici işlər naziri Abbas Əraqçi Donald Trampın Fars körfəzinin adının dəyişdirilərək Ərəb körfəzi adlandırılması planını açıqlamasından sonra ABŞ-ı tənqid edib. Əraqçinin fikrincə, bu cür cəhdlər İrana qarşı düşmənçiliyin təzahürüdür: "Oman körfəzi, Hind okeanı və ya Qırmızı dəniz kimi adların istifadəsi heç bir xalqın mülkiyyəti demək deyil, bəşəriyyətin kollektiv irsinə ümumi hörməti əks etdirir". O, Fars körfəzinin adının dəyişdirilməsi ilə bağlı cəhdləri iranlıları təxribata və gərginliyi qızışdırmağa yönəlmiş dezinformasiya kampaniyası adlandırıb. Diplomat xatırladıb ki, Fars körfəzi adı çoxəsrlik tarixə malikdir, beynəlxalq ictimaiyyət və kartoqraflar tərəfindən tanınır. O bildirib ki, 1960-cı illərə qədər regionun bütün liderləri öz rəsmi sənədlərində bu addan istifadə ediblər: “Bununla bağlı hər hansı uzaqgörən addımın heç bir qüvvəsi və hüquqi və ya coğrafi təsiri olmasa da, bu, yalnız İranda, ABŞ-da və bütün dünyada həyatın bütün təbəqələrindən və siyasi inanclardan olan bütün iranlıların qəzəbinə səbəb olacaq”. Beləliklə, türklərin Kəngər, ərəblərin “Ərəb körfəzi”, farsların isə “Fars körfəzi” adlandırdığı bu akvatoriyanın adı Tehran hakimiyyəti üçün çox vacib məsələyə çevrilib.
Bütün bunlar ABŞ və İran arasında münasibətlərin gərgin olduğu bir vaxtda qeydə alınır. Vaşinqton savaş variantını istisna etmir. Bu arada İran müdafiə naziri Əziz Nasirzadə ABŞ müdafiə nazir Pit Heqsetin Yəməndəki husilərə dəstəyə görə İranı hədələməsinə cavab olaraq bildirib ki, onlar savaşa hazırdırlar: “Əgər ABŞ İrana hücuma keçərsə, Tehran bölgədəki Amerika bazalarını hədəf alacaq”. O qeyd edib ki, Yəməndəki husilər müstəqil hərəkət edir və bu məsələnin İranla heç bir əlaqəsi yoxdur. Nazir əlavə edib ki, İran müharibə başlatmayıb və belə bir niyyəti yoxdur: “Əgər İrana hücum olarsa və ya müharibə elan edilərsə, güclü cavab veriləcək. Müharibə ABŞ və ya Sionist rejim tərəfindən başlasa, İran onların maraqlarına, hərbi bazalarına və qüvvələrinə zərbə endirəcək”. Nasirzadə qeyd edib ki, İran regiondakı ölkələrlə düşmənçilik etmir və onlarla qardaşlıq münasibətləri saxlayır. Xatırladaq ki, ABŞ müdafiə naziri Pit Heqset “X” sosial şəbəkəsində “İrana mesaj” başlıqlı paylaşımında Tehrana xəbərdarlıq etmişdi: “Husilərə verdiyiniz ölümcül dəstəyi görürük. Nə etdiyinizi bilirik. ABŞ ordusunun nələr edə biləcəyini də bilirsiniz. Xəbərdar edildiniz. Cavabını bizim seçəcəyimiz zaman və məkanda alacaqsınız”. Bu fonda ABŞ Prezidenti Donald Tramp NBC telekanalına müsahibəsində bildirib: “İranla danışıqların məqsədi Tehranın nüvə proqramını tamamilə ləğv etməkdir. Tamamilə ləğv. Bəli, qəbul edəcəyim yeganə şey budur. Mən İranın uğurlu, böyük və möhtəşəm olmasını istəyirəm. Onların sahib ola bilməyəcəyi yeganə şey nüvə silahıdır. Əgər başqa uğurlar qazanmaq istəyirlərsə, bu, yaxşıdır, mən də onların uğur qazanmasını istəyirəm. Mən sadəcə onların nüvə silahına sahib olmasını istəmirəm, çünki bu zaman dünya məhv olardı”. Donald Tramp İranın mülki nüvə proqramına malik olmasını dəstəkləyən arqumentlərini eşitməyə açıq olduğunu da söyləyib. ABŞ Dövlət katibi Marko Rubio daha əvvəl bəyan etmişdi ki, Tehran uranın zənginləşdirilməsi və uzaqmənzilli raket proqramlarından imtina etməli, həmçinin Yəməndəki husilər kimi terrorçu qruplara və regional proksilərə dəstəyi dayandırmalıdır. Rubio əlavə edib ki, ABŞ İranın bütün nüvə və hərbi obyektlərinin təftişlərində iştirakda israrlıdır.
Nahid SALAYEV