Bakı, 7 may, AZƏRTAC
Azərbaycan ilə Asiya ölkələri arasında əməkdaşlıq son illər yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Prezidentinin Çinə dövlət səfəri, cari il ərzində Pakistan Baş nazirinin və İran Prezidentinin ölkəmizə səfərləri Azərbaycan ilə Asiya ölkələri arasında fəal dialoqun, çoxşaxəli əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verir. Bu xüsusda, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri mühüm önəm kəsb edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Vietnam News Agency” agentliyinə verdiyi müsahibəsində iki ölkə arasında tarixi dostluq əlaqələrinin müxtəlif sahələrinə ətraflı nəzər saldığını söyləyən deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri xalqlarımız arasında mehriban dostluq münasibətlərinin inkişafında böyük rol oynayıb.
Azərbaycan neft mütəxəssislərinin Vyetnamda neft sənayesinin qurulmasında böyük xidmətlər göstərdiyini söyləyən Mircəlil Qasımlı deyib: “1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-yə səfərindən sonra Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin qurulmasına cəlb ediliblər. 2014-cü ilin mayında Azərbaycan Prezidentinin Vyetnama, bir il sonra isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfərləri ölkələrimiz arasında əlaqələrin dinamik inkişafında xüsusi rola malikdir.
Azərbaycan-Vyetnam əlaqələrinin eyni zamanda təhsil sahəsində də böyük köklərə malik olduğunu söyləyən deputat qeyd edib ki, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində oxuyan minlərlə vyetnamlı tələbə sonrakı illərdə Vyetnamın hərtərəfli inkişafına böyük töhfələr verib. Bu gün də Vyetnamda yüksək vəzifələrdə çalışanlar arasında Azərbaycanda təhsil alanlar var. 2014-cü ildə Azərbaycan Prezidenti Hanoyda ölkəmizin ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşündəki çıxışında qeyd etdiyi kimi, Azərbaycan-Vyetnam əlaqələrinin təməlini Azərbaycanda təhsil alan, bizim ölkədə yaşayan, xoşbəxt gənclik çağlarını yaddaşında saxlayan insanlar qoyub”.
Deputat bildirib ki, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensial mövcuddur. Dövlətimizin başçısı müsahibəsində vurğuladı ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Əlbəttə ki, Vyetnam Prezidentinin nəzərdə tutulan səfəri iqtisadi və ticarət əlaqələrimizə müsbət təsir göstərəcək və yeni perspektivlər açacaq.
Heydər Əliyev Fondunun iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafına önəmli töhfələr verdiyini söyləyən deputat qeyd edib ki, Fond tərəfindən Vyetnamda sosial sahədə, o cümlədən təhsil sektorunda önəmli layihələr icra edilib. Bu xüsusda, cari ilin aprelində Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın Vyetnama səfəri çərçivəsində də bu istiqamətlərdə mühüm müzakirələr aparılıb.
“Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin Azərbaycana səfəri, aparılan müzakirələr, qəbul olunacaq qərarlar ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinə, dost xalqlarımızın daha da yaxınlaşmasına təkan verəcək”, - deyə deputat vurğulayıb.