Azərbaycanı UFC-də təmsil edən Nazim Sadıxov bu gün Bakı Şəhər Halqasının təşkilatçılığı ilə “Zoom” üzərindən xüsusi sessiyada azərbaycanlı jurnalistlərlə görüşüb. Hazırda ABŞ-də yaşayan idmançı iyunun 21-də Bakıda keçiriləcək UFC Baku Fight Night yarışı ilə bağlı sualları cavablandırıb.

- Nikolas Mottaya qarşı 3 aylıq hazırlıq barədə məlumat verərdiniz. İlk dəfə Bakıda keçiriləcək tədbir barədə təəssüratlarınız necədir?

- Bakıdakı turnir barədə bunu deyə bilərəm ki, arzum çin oldu. Doğma publika qarşısında çıxış etməyi həmişə arzulayırdım. Rafael Fiziyev və bildiyim qədəri ilə Tofiq Musayev də döyüşəcək. Keçmiş sovet ölkələrindən döyüşçülərin yarışdığını görürdük, yalnız azərbaycanlıların sayı az idi. Rəqibi 7-8 ildir ki, tanıyıram. Onunla UFC-dən əvvəl Nyu-Cersidə keçirilən bir yarışda qarşılaşmışam. Motta həmin vaxt çempion olmuşdu. Onu yaxşı tanıyıram. Bilirəm ki, Tailanda köçüb. Rəqibim ayaqüstə döyüşür, boks, güləş fəndləri tətbiq edir. Bu döyüşü maraqla gözləyirəm. 

- Rəqib əsasən I raundda işini görür. Bizi necə bir qarşılaşma gözləyir? Rəqibə uyğunlaşacaqsınızmı, yoxsa onu öz döyüş üslubunuzda mübarizə aparmağa məcbur edəcəksiniz? 

- Bildirim ki, mən də döyüşü tez bitirməyi xoşlayan idmançıyam. Taktiki savaş olacaq. I raundda uduzmağı düşünmürəm. Boks, kikboksinq, güləş, nokaut , boğucu fəndlər etməyə və ya hakimlərin qərarı ilə rəqibi məğlub etməyə hazıram. Hər şey mümkündür. Bu, mənim doğma publikamdır, uduzmağı nəzərdən keçirmirəm, mən 100% hazır olacam. 

- Braziliyalı rəqib hərtərəfli döyüşçü hesab edilir. Yerli publikada döyüşmək sizə çətinlik yaratmayacaq? 

- Mən deyə bilmərəm ki, təzyiq olmayacaq, bəli, olacaq. Bizim idmanımız təzyiq ətrafında qurulub. Mən hazır olacam. Təzyiq əlavə məsuliyyət gətirir. Doğma publikadır. Hər bir döyüşə rəqibdən asılı olmayaraq qələbə üçün çıxırsan. Bu, mənə problem yaratmayacaq, daha güclü edəcək.

- Rəqibiniz Tailandda Rafael Fiziyevlə eyni məkanda məşq edir. R.Fiziyevdən məsləhətlər alırsınızmı? 

- Açığı Mottanın hansı zalda məşq etdiyini bilmirdim. Bilirdim ki, Tailanndadır, amma xəbərim yox idi ki, Rafaellə məşq edir. Onun haqqında Rafaellə söhbətim olmayıb. Düzdür, Fiziyevlə davamlı olaraq danışırıq, amma son 2-3 həftədə söhbətimiz olmayıb. Hər ikimiz qarşıdakı döyüşlərə fokuslanmışıq. İnanıram ki, Rafael rəqibini “yeyəcək”. Bakıda möhtəşəm döyüş keçirəcəyik. 

- Siz Rafael Fiziyevlə eyni kateqoriyada – yüngül çəkidə mübarizə aparırsınız.  Nə vaxtsa, Fiziyevlə döyüşmək ehtimalı yaranarsa, buna razılıq verərsinizmi? 

- Biz öz divizionumuzda fərqli mövqelərdə yer almışıq. Bundan başqa hazırda bütün fikrimi Bakıdakı döyüşə yönəltmişəm. Rafaellə mümkün döyüş barədə düşünmürəm. Həm də o, mənim dostumdur. Nə vaxtsa, onunla üz-üzə gəlmək barədə fikirləşməmişəm. 

- Sizcə, artıq vaxt çatmayıb ki, döyüş gecələrində yox, əsas tədbirlərdə, əsas kartda döyüşəsiniz? 

- Mən özümü 100% hazır hiss edirəm. O an uzaqda deyil. Bakıdakı turnir mənim üçün həqiqət anı olacaq. Doğma publika önündə şou göstərməliyəm. Bu, mənim üçün yeni qapı, yeni imkanlar aça bilər.  

- Yüngül çəkidə mübarizə aparırsınız, bir çox güclü döyüşçülər orada çıxış edir. Onlarla döyüşə özünüzü hazır hiss edirsiniz, yoxsa çəkinizi dəyişməyi düşünürsünüz? 

- Çəki salmağı düşünmürəm, çünki bu, çox çətin prosesdir. Həmçinin mənim yarışdığım bu kateqoriya UFC-nin ən ağır çəki dərəcəsi sayılır. Bu çəkidə döyüşənlər ən yaxşılardır. Özümü sübut etmək niyyətindəyəm. Çox danışmaq istəmirəm, işimi görmək istəyirəm.

- Azərbaycanlı döyüşçülərdən kimlərin adını çəkə bilərsiniz ki, düşünürsünüz ki, tam UFC-lik döyüşçülərdir?

- Asəf Çopurov,  hazırda qələbə seriyasındadır. Tarıyel Abbasov da var, son döyüşlərində uduzsa da, yaxşı samboçudur. Məhəmmədəli Osmanlını da fərqləndirə bilərəm. Bununla yanaşı Əli Quliyev də var. Sadəcə adını çəkdiyim idmançılara vaxt lazımdır ki, özlərini göstərsinlər.

- Azərbaycanlı döyüşsevərlərə doğma dilimizdə nə demək istərdiniz?

- “Azərbaycan var olsun, yaşasın Azərbaycan!”. Allah qoysa, Bakıdakı döyüşdən sonra məndən bu sözləri eşidəcəksiniz.