EN

Ağstafada “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Ağstafa rayonunda silsilə tədbirlər davam etdirilir. Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda təşkil olunan dəyirmi masada RİH başçısı Seymur Orucov, məsul şəxslər və rayon ictimaiyyətinin fəal gəncləri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı, suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbiri giriş sözü ilə açan RİH başçısı gənclərin diqqətinə çatdırıb ki, Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, eləcə də müstəqillik, dövlətçilik, azadlıq və bu kimi ünsürlərin qorunması uğrunda gənc nəslin yetişdirilməsindən ibarət olub. Ümummilli Liderimizin əsasını qoyduğu və Azərbaycanı uğurlu gələcəyə aparan gənclər siyasəti hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilir. Gənclərin təhsili, sağlamlığı, asudə vaxtının səmərəli təşkili, bütün sahələrdə onların potensial imkanlarının inkişaf etdirilməsi, gənc nəslin vətənpərvərlik, Vətənə sevgi ruhunda tərbiyə olunması daim diqqətdə saxlanılır.
Digər natiqlər, Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov, Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbin direktor müavini Şəfəq Heydərli, Ağstafa şəhər 1 nömrəli kitabxananın multimedia resusları üzrə mütəxəssisi Günay Qədiməliyeva, Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin psixoloqu Lətifə Vəlizadə mövzuya dair geniş məruzələrlə çıxış ediblər.
Tədbirdə həmçinin rayonun ictimai-siyasi və sosial-mədəni həyatı ilə bağlı gənclərlə fikir mübadiləsi aparılıb, onların təklif və müraciətləri dinlənilib.

Chosen
0
2
moderator.az

3Sources