EN

Qaradağda Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Bu gün Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının banisidir” mövzusunda dəyirmi masa keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Anar İsgəndərov, Aydın Hüseynov, Səbinə Xasayeva YAP Qaradağ RT-nin sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti baçşısı yanında Şuranın üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dəyirmi masanı giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov bildirdi ki, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən şəxsiyyət kimi düşüb. Heydər Əliyevin sayəsində Azərbaycan aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrildi. Sovetlər dövründə bütün sahələrdə ən qabaqcıl respublika oldu. İkinci dəfə xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə gələn dahi şəxsiyyət qısa zaman kəsiyində ölkədə hökm sürən xaos və özbaşınalığa son qoydu, qlobal layihələrin əsasını yaratdı. Həmin əsaslar üzərində cənab Prezidentimiz İlham Əliyev Azərbaycanı sürətli inkişaf yoluna qoyaraq bölgədə və dünyada ən nüfuzlu ölkə halına gətirdi. İllərlə problemə çevrilən Dağlıq Qarabağ münaqişəsinə son qoydu, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam təmin edib. 

Çıxış edən Anar İsgəndərov Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı müstəsna xidmətlərini tarixi dövrləşdirmə əsasında elmi-nəzəri baxımdan şərh etdi.Ümummilli Lider Heydər Əliyevin sovet dövründə xüsusi xidmət orqanlarındakı fəaliyyətindən bəhs edən natiq vurğulayıb ki, Ulu Öndər həmin illərdə yüzlərlə azərbaycanlını repressiyalardan xilas edib, eyni zamanda bütün çətinliklərə, maneələrə, təqib və təzyiqlərə baxmayaraq, dövlət təhlükəsizlik orqanlarının milliləşdirilməsinin əsasını qoyub. Dahi rəhbərin fəaliyyətinin Naxçıvan dövründən danışan natiq məhz Ulu Öndərin misilsiz xidmətləri sayəsində ötən əsrin 90-cı illərinin əvvələrində Naxçıvanın erməni hücümlarından qorunduğunu, eyni zamanda Naxçıvan əhalisinin blokada şəraitindəki ağır vəziyyətdən qurtulduğunu bildirdi. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdəki misilsiz fəaliyyətini təhlil etdi. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən milli müstəqilliyimizin və dövlətçiliyimizin hərtərəfli inkişafının davam etdirildiyini vurğulayıb. 

Daha sonra çıxış edən Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ RT-nin sədri Qafar Əliyev öz çıxışlarında Ulu Öndərin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən, ölkəmizin inkişafına verdiyi töhvələrdən geniş söhbət açıblar. 

Sonda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı onu dünya azərbaycanlılarının lideri səviyyəsinə qaldırmışdır.

Chosen
0
5
unikal.az

10Sources